Zaqatala və Balakəndə evləri sel suları basıb

# 19:45
18 sentyabr 2023

Sentyabrın 17-si axşam saat 21:00 radələrindən başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Leysan yağışları Zaqatala rayonunda ciddi fəsadlara səbəb olub. Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir neçə ağac aşıb. Rayonun yüksək dağlıq ərazilərinə isə qar yağıb. Rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb. Tala, Zilban və Bəkməz çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala kəndinin Dülüsoba adlanan yaşayış məhəlləsində bir fərdi evin divarı dağılıb. Zilban çayının məcrasından çıxması səbəbindən çayın Zilban kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Məcrasından çıxan çay ərazidən keçən qaz xəttini də zədələyib. Bu səbəbdən rayon mərkəzinin bir hissəsinə təbii qazın verilməsində fasilə yaranıb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. Sel suları kənddə 100 çox sakinin təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində sentyabrın 17-i axşam saatlarından elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonun müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri ilə aparılır, dəymiş ziyanın miqyası hesablanır. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Rayonun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər. Qeyd edək ki, rayonlarda qeyri-sabit hava şəraiti davam edir. Vüqar Heydərov, Əhməd Fərruxoğlu. APA. TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR