Zaqatalada yeni Göygöl yarandı

# 18:41
6 iyun 2022

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.

Bu barədə APA TV-nin yerli bürosuna Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.

Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.

Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.

Bir qrup sakin iddia edir ki, aramsız yağışların qayanı uçurması nəticəsində əmələ gələn həmin göl ciddi təhlükə mənbəyidir. Belə ki, leysan yağışlarda göl daşa bilər və nəticədə rayonu sel basar. Buna görə də gölü təhlükə olmadan dağıtmaq lazımdır.

Bəzi insanlar isə yaranmış gölüm heç bir təhlükə yaratmadığını iddia edirlər.

Zaqatala Meşə İdarəsinin müdiri Rəşad Mahmudov Lent.az-a açıqlamasında bildirib ki, yeni əmələ gələn göl təhlükə mənbəyi deyil:

“Gölün yarandığı ərazi Meşə Təsərrüfatı İdarəsinə aiddir. İşçilərimiz gedib gölə baxış keçiriblər. Hazırda gölün qalmasının heç bir təhlükəsi yoxdur. Amma gələcəkdə güclü sellər olarsa, qarşısını açılıb ciddi təhlükə yarada bilər.

Qeyd edim ki, onu dağıtmaq da asan iş deyil. Çox ucqar yerdədir, ora texnika gedə bilməz. Amma hazırki vəziyyətdə onu dağıtmağa ehtiyac yoxdur." - deyə o qeyd edib.

Ekoloq  Ənvər Əliyev isə Lent.az-a açıqlamasında sonradan yaranan göllərin təhlükə mənbəyi olduğunu deyib:

"Keçmişdə zəlzələ nəticəsində Kəpəz dağı uçdu Göygöl yarandı. Düzdür, bu təbiətimizdə olduqca gözəl bir mənzərə deyildi. Amma hər şeyə rəğmən Zaqatalada yaranan göl barəsində isə dəqiq heç nə deyə bilmərəm. Çünki gedib görməmişəm. Orada yaşamaq imkanını bilmirəm. Əgər o göl hansısa fəsadlar törədəcəksə, yaşayış məntəqələrinə ziyan vuracaqsa, indidən yavaş-yavaş qurutmaq lazımdır. Təcrübə göstərir ki, sonradan yaranmış belə göllər böyük fəlakətlər törədib. Orada tədqiqat aparılmalıdır. Mütəxəssislərin məsləhəti ilə su yavaş-yavaş boşaldılmalıdır. Əks-təqdirdə güclü yağıntı nəticəsində böyük su kütləsi ilə aşağı ərazilərə ziyan vura bilər.” –deyə, ekoloq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR