Zəngilan sərhədində erməni təxribatı: Nə baş verir?

# 19:27
25 aprel 2022

Aprelin 23-də Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu sərhədimizi pozmağa çalışıb. Hadisə dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində baş verib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç əsgərlərimiz tərəfindən saxlanılıb.

Bəs bu təxribatın arxasında nə dayanır? Brüssel və Moskvada Azərbaycanla Ermənistan liderlərinin görüşündən, əldə olunan razılaşmalardan sonra İrəvanın bu cür addım atması nədən xəbər verir?

Millət vəkili Sahib Alıyevin fikrincə, diversiya qrupunun əsl məqsədi ələ keçirilmiş diversantın dindirilməsindən sonra məlum olacaq: “Məni düşündürən əsas suallardan biri, Ermənistan rəhbərliyinin bu barədə əvvəldən məlumatının olub-olmamasıdır.  Və nədən bu qrup geri oturdulandan sonra Azərbaycan sərhədçiləri ilə Rusiya Federal Təhlükəsizlik xidmətinin tabeçiliyində olan Ermənistandakı Rusiya sərhədçiləri arasında danışıqlar oldu?”

Onun sözlərinə görə, hazırkı durumda bu tipli təxribatların nə vaxta qədər davam edecəyini söyləmək çətindir. Amma həmin təxribatlar Ermənistanın öz başında çatlayacaq və istənilən təxribatın qarşısı çox qətiyyətlə alınacaq.

Politoloq Şəbnəm Həsənovanın fikrincə isə Brüssel-Moskva görüşlərindən sonra Ermənistanın Zəngəzur istiqamətində diversiya qrupu göndərməsi özündə mürəkkəb kombinasiyaları ehtiva edən bir məsələdir. Politoloq düşünür ki, bu addım təkcə Ermənistanın iqtidarı-müxalifət davasına, digər daxil məsələlərinə və yaxud Azərbaycanla münasibətlərinə bağlı deyil: “Paşinyan bir tərəfdən konstruktiv açıqlamalar verib Moskvaya yollanır, sonra isə bu konstruktiv xətti başqa istiqamətə yönəldirsə, deməli, vaxt uzatmağa çalışır və gözləyir. Əvvəla, Paşinyanın bu gözləmə vəziyyəti Ukrayna-Rusiya müharibəsinin gedişindən və daha çox nəticəsindən asılıdır. O, hesablamaq istəyir ki, istiqamətini Qərbə doğru neçə dərəcə dəyişə bilər. Paşinyanın siyasi rəqibləri, hansılar ki, rusiyapərəstdirlər, Azərbaycanla uzlaşma siyasətinə qarşı çıxaraq küçələrə tökülürlər. Beləliklə, Moskva da müxalifətin əli ilə Paşinyanın Qərbə doğru manevr dairəsini daraltmağa çalışır ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiyanın nəzarət imkanlarını maksimum dərəcədə əlində saxlaya bilsin.

Ermənistan tərəfindən zaman-zaman konstruktiv fikirlər səsləndirilsə də, bunu əməli addımlarında nümayiş etdirməyib. Bir məsələni də daim diqqətdə saxlamalıyıq: Bu məsələlərin icrası və yekun nəticəsi ilə bağlı Avropa və Rusiya öz maraqlarından vaz keçmirlər. Üstəlik, bu məsələ üzərində də aralarında yarış gedir”.

Onun sözlərinə görə, belə təxribatlar tam kəsilməsə də, yaxın gələcəkdə həcmi və sayı azalacaq. Çünki Azərbaycan həm hərbi sahədə, həm də diplomatik masada qətiyyətli addımlar atır, sırf nəticəyə hesablanmış dəqq addımlar atır.

Məhəmməd Tağıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR