Zərgərli kəndinin əhvalatı: “Yol yox, məktəb üçün qonşu kəndə gedirlər”

# 14:44
20 iyun 2023

Qəbələnin Zərgərli kəndinin sakinləri problemsiz günə həsrət qalıblar.

450 nəfərdən çox sakini olan Zərgərli kəndinin yolları bərbad vəziyyətdədir. Sakinlər deyir ki, kəndin təxminən 3 kilometr yolu var, o da tamamilə yararsız halda. Kənd yolunun asfalt örtüyü yoxdur. Vətəndaşların sözlərinə görə, həsrətlə yayın gəlməsini gözləyirlər ki, palçıqdan canları qurtarsın. Onda da toz əlindən bilmirlər hara qaçsınlar. Bu il isə vəziyyət bir qədər də çətinləşib. Bu yay ara verməyən yağışlar sakinlərin palçıqdan qurtulmaq ümidini də əllərindən alıb.

Kəndin digər problemi də məktəb problemidir. Bu kəndin cəmi bir məktəbi var, o da ibtidai təhsil almaq üçün olan modul tipli məktəbdir. Sakinlər deyir ki, bütün qonşu kəndlərdə 11 illik təhsil ocağı var, amma Zərgərlidən olan məktəblilər tam orta təhsil almaq üçün kilometrlərlə məsafə qət edərək qonşu Nic və Mirzəbəyli tam orta məktəblərinə gedirlər.

Kənd sakinlərini dinlədikdən sonra hər iki problemlə bağlı cavabdeh qurumlarla əlaqə saxladıq. Kəndin yol problemi ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirildi ki, yolun təmiri nəzərdə tutulub, maliyyə vəsaiti ayrılan kimi yolun yenidən qurulması işlərinə başlanılacaq.

Məktəb problemi ilə bağlı isə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təmir və yaxud tikinti işləri təhsil müəssisələrinin şagird sayı və qəza vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə aparılır. Sözügedən Qəbələ rayon Zərgərli kənd ibtidai məktəbinin də tikintisi nəzərdə tutulub.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR