"Ziraat Bank" "Azər Türk Bank"dakı payını təxminən 7 mln. manata satacaq - PROQNOZ

"Ziraat Bank" "Azər Türk Bank"dakı payını təxminən 7 mln. manata satacaq - <span style="color: red;">PROQNOZ
# 02 noyabr 2016 11:22 (UTC +04:00)

Türkiyənin "Ziraat Bank"ı "Azər Türk Bank" ASC-dəki payını təxminən 7 mln. manata sata bilər. Bunu "APA-Economics"in hesablamaları deməyə əsas verir.

"Ziraat Bank" "Azər Türk Bank"da iki səhm paketinə malikdir. Belə ki, "Azər Türk Bank"ın kapitalında iştirak payının 12,37%-i "T. C. Ziraat Bankası A.Ş."-yə, 1,08%-i isə Türkiyənin dövlət bankının Almaniyadakı törəməsi olan "Ziraat Bank International A.G."-yə məxsusdur. Ümumilikdə "Azər Türk Bank"ın səhmlərinin 13,45%-i "Ziraat Bank"a aiddir.

Bankın səhmlərinin nominal dəyəri 1 manat təşkil edir. Maliyyə təşkilatının nizamnamə kapitalının 50 mln. manat olduğunu nəzərə alsaq, "Ziraat Bank" payının satışından 6 mln. 725 min manat əldə edəcək.

"Ziraat Bank"ın baş icraçı direktoru Hüseyn Aydın bildirib ki, səhmlər Azərbaycanın Maliyyə Nazirliyinə satacaq. "APA-Economics"in əldə etdiyi məlumata görə, səhmlər Maliyyə Nazirliyinə deyil, bankın əsas səhmdarı olan Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) satılacaq. Qeyd edək ki, ƏMDK bankın səhmlərinin 75%-ə sahibdir. Proqnozumuz özünü doğrultsa, ƏMDK-nin bankın kapitalında iştirak payı 88,45%-ə çatacaq.

"APA-Economics" hesab edir ki, "Ziraat Bank" səhmlərinin satışından əldə etdiyi vəsaiti və ya onun bir qismini Azərbaycanda fəaliyyət göstərən törəməsi, yəni "Ziraat Bank Azərbaycan" ASC-yə ötürəcək. H. Aydının açıqlamasından belə anlaşılır ki, "Ziraat Bank Azərbaycan" sektorda hələ uzun müddət qalmaq niyyətindədir. Yeri gəlmişkən, adıçəkilən bankın işləri heç də pis getmir - bank aktivlərini, o cümlədən kredit portfelini müvafiq olaraq 58% və 48% artırıb. Bundan başqa, törəmə bank III rübü 2 mln. manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR