“Lapşinin həbsi işğal olunmuş torpaqlara icazəsiz səfər edənlərə ciddi dərsdir "-SORĞU

“Lapşinin həbsi işğal olunmuş torpaqlara icazəsiz səfər edənlərə ciddi dərsdir "-<span style="color: red;">SORĞU
# 08 fevral 2017 13:08 (UTC +04:00)

“Lapşinin Azərbaycan qanunları qarşısına çıxarılması son vaxtlar işğal olunmuş torpaqlara icazəsiz səfər edənlər üçün çox ciddi dərs və mesajdır".

Bununla bağlı APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş və ölkənin ərazi bütövlüyünün əleyhinə açıqlamalarla çıxış etmiş blogger Lapşinin ekstrasiyasının qanunun aliliyinə əsalanaraq həyata keçirildiyini deyən S. Seyidov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən birmənalı qəbul olunur, beynəlxalq səviyyədə də buna hörmət və riayət etmək lazımdır :" Bunu pozan şəxs qanunu pozur və qanun qarşısında da hamı cavabdehdir. Lapşinin Azərbaycana ekstradisiyası, burada məhkəmə qarşısına çıxarılması sübut edir ki, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində davranışın aliliyini əsas götürür”.

S. Seyidov İsrail və Rusiya vətəndaşı olan Lapşinin ekstradisiyanda rəsmi Moskvanın bəyanatlarına da toxunaraq deyib ki, bu məsələ ölkələrarası münasibətlərə xələl gətirə bilməz: “Qanunun aliliyindən söhbət gedirsə, ölkələr buna hörmətlə yanaşır. Bizim Rusiya ilə də, İsraillə də çox yüksək səviyyəli münasibətlərimiz var. Bu ölkələr Azərbaycanla münasibətdə həmişə beynəlxalq qanunlar çərçivəsində davranışlara üstünlük verirlər”.

Milli Məclisin üzvü Qənirə Paşayeva da Azərbaycanın bu məsələdə birmənalı olaraq haqlı olduğunu deyib: “Bu təbii ki, beynəlxalq aləmdə ciddi rezonans doğuracaq. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən, qanunlarına əməl etməyənlər üçün bu, bir dərs olacaq. Azərbaycanın bu məsələdə prinsipiallıq göstərməsinin bir daha şahidi oldular”.

Deputat onu da deyib ki, Rusiya tərəfindən bununla bağlı edilən çağırışlara baxmayaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipiallıq ortaya qoyması çoxları üçün ciddi xəbərdarlıq olacaq: "Bu məsələdə Azərbaycanın prinsipiallığı ilə yanaşı ədalətli mövqe sərgiləyən Belarus prezidentinin yanaşması da ciddi rol oynadı. Ermənilərin aylardır qeyri-qanuni girov saxladığı Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı heç bir addım atmayan, amma bir neçə ölkə vətəndaşı, o cümlədən Rusiya vətəndaşı olan Lapşinin Azərbaycana verilməməsi üçün böyük canfəşanlıq göstərən Rusiya XİN-in bütün təsir, təzyiq və açıqlamaları anlamsız oldu. Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik”.

Deputat Naqif Həmzəyev isə bildirib ki, bolggerin ekstradisiyası Prezident İlham Əliyevin milli maraqlara və qanunun aliliyinə birmənalı istinad etməsini bir daha sübut etdi: “Başda cənab prezident olmaqla Azərbaycan dövləti həmişə beynəlxalq aləmdə qanunun aliliyini, milli maraqların yüksək tutulmasına əsas gətirib. Azərbaycanın ərazi bütövlüyünə və qanunlara hörmət hər kəsin borcudur. Bir halda ki, ərazi bütövlüyümüzün toxunulmazlığı beynəlxalq hüquq normalar ilə də tənzimlənib. Lapşin qanunsuz olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisinə səfər edib və ardınca da Azərbaycanın dövlət orqanlarına, qanunlarına hörmətsizlik edib. Təbii ki, bu, cəzasız qalmamalıydı.

Mən bu məsələdə həssaslıq nümayiş etdirən bəzilərinin diqqətini eyni zamanda öz ata yurdunu ziyarətə gedən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də separatçılar tərəfindən girovda saxlanmasına çəkmək istərdim. Onlardan biri hətta Rusiya vətəndaşıdır və vətəndaşı olduğu ölkə bu məsələdə aktiv olsa daha çox beynəlxalq hüququn pozulmasına qarşı addım atmış olardı. Blogger Aleksandr isə birmənalı olaraq suveren bir dövlətin ərazi bütövlüyünə hörmətsizlik edib, bu azmış kimi qanunlara nalayiq yanaşıb. Bunun cavabı təbii ki, Azərbaycanın məhkəmə orqanı qarşısında verilməlidir. Azərbaycan dövləti qanunun aliliyi uğrunda prinsipiallığını bir daha nümayiş etdirdi. Bu məsələdə dost Belarus Respublikasına da minnətdarlığımı bildirmək istəyirəm ki, ərazi bütövlüyümüzlə bağlı məsələlərə belə diqqətlə yanaşıb, prinsipiallıq nümayiş etdirib”.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir: “Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb. Bu baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçib, ölkəmizin qanunlarına məhəl qoymayıb.

Üç ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik. Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə “bəhrələnmənin” bariz nümunəsidir. Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir. Nəhayət, A.Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskomfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir”.

A. Lapşinin vəkili Səfər Hüseynov isə APA-ya bildirib ki, hazırda blogger Ədliyyə Nazirliyi 1 saylı Bakı İstintaq Təcridxanasındadır və hüquqi prosedurla bağlı hələ ki yenilik yoxdur.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR