Dubay sultanı: "Bakı əlverişli mövqedə yerləşib"

Dubay sultanı: "Bakı əlverişli mövqedə yerləşib"
# 14 noyabr 2016 14:35 (UTC +04:00)

Azərbaycanın Avropa ilə Asiyanın qovşağında, tarixən Çindən Avropaya qədər uzanan İpək yolunun üzərində yerləşməsi bizdən bu tarixi şansı dəyərləndirmək üçün yaranmış vəziyyətdən maksimum yararlanmağı tələb edir. Bu tələbin davamı olaraq ölkəmiz bir sıra beynəlxalq tranzit nəqliyyat layihələrinə qoşulur, Azərbaycanda beynəlxalq əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri həyata keçirilir.

Qeyri-neft sektorunun inkişafının prioritet olduğu bir zamanda Azərbaycanın Rusiya, İran, Ukrayna, Türkiyə, Avropa, Mərkəzi Asiya, Qafqaz və Çini birləşdirən məkana, bir “hub”a çevrilməsi üçün Bakı limanının inkişafı ilə bağlı dövlət proqramlarının icrasına başlanılıb. İlk olaraq Azərbaycan prezidentinin ötən ilin 18 mart tarixində Bakı Limanının yenidən qurulması və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılması ilə bağlı sərəncamı, daha sonra isə bu ilin mart ayında Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı sərəncamından sonra bu sahədə görülən işlər sürətləndirilməyə başladı.

Ələtdə yaradılan yeni Bakı Limanı və liman daxilində 400 hektar ərazidə (daha sonra əlavə 2000 hektarın ayrılması nəzərdə tutulub) fəaliyyət göstərəcək Azad Ticarət Zonası Azərbaycanı Avrasiyanın konsolidasiya və paylama xidmətləri göstərən əsas mərkəzinə çevrilməklə yanaşı, ölkədə qeyri-neft ticarətini canlandıracaq.

Məhz bu səbəbdən sentyabr ayında Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "DP World" şirkəti ilə imzalanan müqavilə də təsadüfi deyil.

"DP World" şirkəti ən böyük konteyner limanlarından biri olan Cəbəl Əli limanının operatorlarından biridir və 40-dan çox ölkədə 77 limana sahibdir.

Bakı Limanının təşkilatçılığı ilə "DP World"un yaranması, fəaliyyəti və gördüyü işlərlə tanışlıq məqsədilə bir qrup jurnalist BƏƏ-də səfərdə oldu.

Əvvəlcə onu qeyd edim ki, qısa adı JAFZA olan Cəbəl Əli Azad Ticarət Zonası (Jebel Ali Free Trade Zone) Rotterdam və Sinqapur portlarından sonra dünyanın ən böyük azad ticarət zonasıdır.

Cəbəl Əli Azad Ticarət Zonasına daxil olarkən ciddi təhlükəsizlik tədbirləri ilə qarşılaşırsan. JAFZA-ya icazəsiz daxil olmaq, icazə olmadan çəkiliş aparmaq mümkün deyil. Bir növ kiçik bir şəhərciyi xatırladan bu ərazi əsasən inzibati binalardan ibarətdir. Müvafiq rəqəmlərlə nömrələnən bu binalarda isə məşhur dünya brendlərinin ofisi, restoranlar və investorlar üçün müvafiq sənədləşmə işlərini həyata keçirən qurum (One Stop Shop) yerləşir.

1985-ci ildə 19 şirkətlə fəaliyyətə başlayan bu azad ticarət zonasında hal-hazırda 7000-dən çox şirkət çalışır. Dubay ÜDM-nin 20%-i 57 kvadrat kilometr əraziyə malik azad ticarət zonasının payına düşür. Cəbəl Əli portu illik 15 mln. konteyner tutumu gücünə malikdir. Bu gün dünyanın məşhur brendləri “Acer”, “Dell”, “Nissan”, “Audi”, “Siemens”, “Bridgestone” və s. şirkətlər burada cəmləşiblər.

Təkcə logistika işlərinin həyata keçirilmədiyi, eyni zamanda ticarət, istehsalat və xidmət sektorunun fəaliyyət göstərdiyi JAFZA-nın iş prinsipi ilə tanış olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru

Sultan Əhməd Sultan bin Sulayemlə müsahibəyə yollandıq.

JAFZA-ya daxil olandan müsahibə məkanınadək yəni, istər ofis xaricində, istərsə də Sultanın müsahibə verəcəyi otaqdakı hər bir əşya port, daşımaçılıq və dənizçiliklə bağlıdır. Hətta restoranlarında belə Cəbəl Əlinin, Dubayın keçdiyi tarixi yol fotolarda əks olunub. Düzdür, burada çalışanlar arasında ərəblər azlıq təşkil etsə də, arabir görünmələri ilə BƏƏ-də olduğumuzu xatırladırdılar.

Qısa zaman gözlədikdən sonra otağa bəstəboy və sadə görünüşə malik, amma eyni zamanda dünya bazarında payı 6,7% olan bir şirkətin rəhbəri daxil oldu.

Əlbəttə ki, "DP World" şirkətinin iqtisadi göstəricilərini sadalamaq fikrim yoxdur. Lakin şirkətin bu ilin I yarısında 2 mlrd. dollardan çox mənfəət əldə etməsi kifayət edir ki, şirkət haqqında fikir formalaşsın.

JAFZA haqqında danışan Sultan Əhməd Sultan bin Sulayem bu dünya nəhəngin yaradılmasının elə də asan olmadığını bildirib. Sultan əvvəlcə xəyalında canlandırdığı azad ticarət zonasının (ATZ) qurmaq üçün dünyanın bu sahədə qabaqcıl olan ölkələrini gəzib və onların təcrübələrini öyrənib. Daha sonra isə əldə etdiyi məlumatlar əsasında Dubay əmirinə təqdim etdiyi layihə üçün uzun müddət gözləməli olub. Səbrli olması öz bəhrəsini verib və o, layihənin reallaşması üçün icazə ala bilib.

JAFZA-nın fəaliyyəti barədə geniş məlumat verən sultan azad ticarət zonasının yaradılması baxımından Azərbaycanın, paytaxt Bakının strateji mövqedə yerləşdiyini qeyd edib.

“Bu gün Bakı əlverişli mövqedə yerləşib. Azərbaycan həm Rusiyaya, həm Gürcüstana, həm də İran yaxındır. Tutaq ki, mənim Çində 3 kargo şirkətim var. Biz yükü Avropaya daşımaq üçün buradan dəmir yolu vasitəsilə yükü Rusiyaya, oradan Bakıya, oradan isə Qara dənizə və beləliklə də Avropaya çıxarmış oluruq. Bu gün "DP World" dünyanın hər bir yerindədir. Azərbaycanda da bunun eynisini yaratmaq üçün logistika, depolama, distribusiya əsas amillərdəndir. Bundan başqa, Xəzər dənizi neft məhsulları ilə də zəngindir, beləliklə buradan neft və kimya məhsullarının paylanması məkanı kimi də istifadə etmək olar”, - deyə S.Ə.Sulayem vurğulayıb.

Azərbaycanda və paytaxtımızda bir neçə dəfə olduğunu bildirən sultan Bakının çox gözəl və sürətlə inkişaf edən şəhər olduğunu bildirib. Bunu nəzərə alaraq ölkədə azad ticarət zonasının yaradılmasının mümkünlüyünü qeyd edib: “Məsələn, Cəbəl Əli elə də gözəl deyil. İnsanlar ağır iş günündən sonra vaxtlarını əla keçirmək istəyirlər. Görürsünüz ki, Dubay necə gözəldir və onlar öz vaxtlarını burada keçirirlər. Aeroport, otellər, əsas kommunikasiyaların hamısı Dubayda yerləşir və investorları bura dəvət etmək mümkündür. Beləliklə də, onların ölkəyə investisiya qoyuluşuna nail olursan. Əvvəl bu, çətin idi. İndi isə asanlaşıb, bu gün Dubaya gələn turist sayı 15 milyondan çoxdur”.

Ölkədə bu infrastrukturun yaradılması üçün siyasi sabitliyin də olmasının əsas amillərdən biri olduğunu qeyd edən Sultan iş adamlarının sadaladıqları amillərin Bakıda mövcud olduğunu xüsusi vurğulayıb.

Müsahibədən sonra yüklər üçün lisenziya alınması, sığorta ilə bağlı sənədin rəsmiləşdirilməsi, şirkətlərlə müqavilə bağlanması və s. işləri həyata keçirmək üçün fəaliyyət göstərən “One Stop Shop”a yollandıq. Bu məkanda iş adamlarının, işçilərin lazımı sənədləşmə işi qısa zamanda və heç bir bürokratik maneə olmadan həyata keçirilir. Burada çalışan işçilərdən biri hətta onlayn sifariş və sənəd alınması prosedurlarının həyata keçirilməsinin mümkünlüyünü də qeyd edib.

Daha sonra konteynerlərin olduğu əraziyə qısa səfər oldu. Doğurdan da, hər dəfə məşhur şirkətlərin üst-üstə düzülən konteynerlərinin yanından keçdikcə insanı heyrət bürüyür. İş adamlarını bura gətirən əsas səbəb qanunların kağız üzərində olması deyil, bizneslərinin sığortalanması, eləcə də sabit və möhkəm işlək mexanizmə malik olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR