Sabiq deputatın oğlunun biznes ortağı: "Türkiyədən Kiprə qeyri-qanun yolla gedəcəkdik" - YENİLƏNİB

Sabiq deputatın oğlunun biznes ortağı: "Türkiyədən Kiprə qeyri-qanun yolla gedəcəkdik" - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2018 09:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda zərərçəkən Elnur Məmmədov hakimin sualına cavab olaraq ona məxsus 144 min dolların qaytarıldığını deyib. O, qalan pulun da qaytarılmasını istəyib və mülki iddianı müdafiə edib.

İclasda R. Heybətov ifadə verərək bildirib ki, E. Məmmədovun dediklərini təsdiq edir: "Biz biznes barəsində danışdıq. Türkiyədən Kiprə qeyri-qanun yolla gedəcək. Getdim Türkiyəyə və orada 200 mini götürdüm. Elton müəllim də bizə xeyir-dua verdi və məndən söz aldı ki, pula mən cavabdeh olum. Mən də ölsəm də, o pulu qaytaracağam. Mən dələduzluq etməmişəm. O qədər pulum olsaydı heç Azərbaycana gəlməzdim. Bu hadisə Türkiyədə olub, lakin Azərbaycanda cinayət işi başlanılıb. Mən onun pul verməsini heç vaxt danmamışam".

R. Heybətov bildirib ki, ona qalan pulu ödəmək üçün bir həftə vaxt lazımdır: "Mənim pulum Moskvadadır. Həmin pulu da yalnız mən gedib götürə bilərəm. Elton müəllimə də demişəm. Elnur razı olmur, deyir qaçarsan".

Təqsirləndirilən şəxs bildirib ki, E. Məmmədovun ona verdiyi pulla tütün almağı planlaşdırıb: "Həmin pulu İstanbulda məndən oğurladılar. Məni vurub pulu götürdülər. Xəstəxanada olanda polislər gəlib ifadəmi aldılar. Lakin pulun oğurlanması ilə bağlı ərizə vermədim. Biz Bakıya qayıtdıq".

R. Heybətov bildirib ki, pulu götürüb maşınla gedəndə maşın onu vuraraq yoldan çıxarıb: "Mənim başım yaralandı və huşumu itirdim. Məndə olan məlumata görə, bu qəsdən baş vermişdi və hadisəni törədənlər də polislərlə əlbir olublar".

Proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR