Bakıda iki nəfərin öldüyü qəzaya görə tutulan sürücülərə hökm oxunub

Bakıda iki nəfərin öldüyü qəzaya görə tutulan sürücülərə hökm oxunub
# 26 oktyabr 2017 08:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Eyvazlı 8 il müddətinə azadlıqdan və 3 il avtomobil idarə etmək hüququndan məhrum edilib.

Əli Abdullayevin isə əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, aparılan araşdırma zamanı onun təqsiri müəyyən edilməyib.

Prokuror Q.Eyvazlı və Ə.Abdullayevin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən ilin mart ayında Binəqədi-Mehdiabad yolunda Bakı sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobildə olan Ramiz Muradov və Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR