Türkiyədə azərbaycanlı rəssamın çəkdiyi portret əsasında xatirə pulu buraxılıb

Türkiyədə azərbaycanlı rəssamın çəkdiyi portret əsasında xatirə pulu buraxılıb
# 23 avqust 2017 22:17 (UTC +04:00)

Yedditəpə Universitetinin professoru, azərbaycanlı rəssam Rafiq Əzizin çəkdiyi “Umur bəy” tablosu əsasında 20 Türk Lirəsi dəyərində xatirə pulu buraxılıb.

Bu barədə APA-nın Türkiyə müxbirinə məlumat verən R. Əziz bildirib ki, 2013-cü ildən başlayaraq UNESCO-nun tövsiyəsi ilə onun əsərləri əsasında Türk dənizçilik tarixinin görkəmli nümayəndələri Piri Rəis, Əl-Cəzayirli Həsən paşa və Çaka bəyin xatirə pulları da numizmatika fabriki tərəfindən buraxılıb.

“Türk dənizçilik tarixinin mühüm simalarından olan Umur bəyin portreti İstanbuldakı Dəniz muzeyində saxlanılır. Muzeyin sifarişi ilə çəkdiyim silsilə portretlər mənim yaradıcılıq həyatımda önəmli yer tutan əsərlərdir. UNESCO əsərləri ciddi süzgəcdən keçirəndən sonra Türkiyə baş nazirinə bağlı numizmatika fabrikinə onların əsasında xatirə pulları buraxmağı tövsiyə edir”, deyə Rafiq Əziz vurğulayıb.

Qeyd edək ki, 1953-cü ildə Azərbaycanın Göyçay rayonunda anadan olan Rafiq Əziz yaradıcılıq işlərini 1992-ci ildən bəri Türkiyədə davam etdirir. Hazırda Yedditəpə Universitetində çalışan professor R. Əzizin Türkiyə hərbi hava qüvvələrinin muzeyində 154 əsəri var. R. Əzizin indiyə qədər Türkiyədə və dünyanın müxtəlif ölkələrinin qalereya və muzeylərində 100-dən çox fərdi sərgisi açılıb, rəssam 200-dən artıq qrup sərgisinə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR