Azərbaycanda tütündən imtina üzrə pilot kabinet və "qaynar xətt" fəaliyyətə başlayacaq

Azərbaycanda tütündən imtina üzrə pilot kabinet və "qaynar xətt" fəaliyyətə başlayacaq
# 17 oktyabr 2016 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" fəaliyyətə başlayacaq.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

İki ay davam edəcək pilot mərhələ ərzində yaradılan kabinetin və "qaynar xətt"in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanıb.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək. Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "qaynar xətt"in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR