Azərbaycanın Tacikistandakı səfiri Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri ilə görüşüb
# 31 yanvar 2018 11:39 (UTC +04:00)

Yanvarın 30-da Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə və Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri, eyni zamanda Azərbaycan-Tacikistan Ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Hikmatullozoda arasında görüş keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşdə nazir N.Hikmatullozoda Səfir H.Məmmədzadəni yeni səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Görüş zamanı nazir N.Hikmatullozoda Azərbaycana səfərlərini xatırlayaraq, hər səfərində ölkəmizin inkişafının, Bakı şəhərinin gözəlləşməsinin, həyata keçirilən iqtisadi islahatların verdiyi töhfənin, ölkəmizin böyük beynəlxalq tədbir və forumlara ev sahibliyi etməsinin, son 10 ildə Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsinə çevrilməsinin şahidi olduğunu bildirib.

Nazir 2018-ci ilin Tacikistanda Turizm və sənətkarlıq ili elan olunmasını nəzərə alaraq, bu sahədə geniş təcrübə əldə etmiş Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib.

Söhbət zamanı səfir H.Məmmədzadə Tacikistanın turizm sahəsində böyük potensiala, zəngin təbiətə və səfalı guşələrə malik olduğunu qeyd edərək, Azərbaycanın turizm sahəsində əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin Bakıda keçirilən hökumətlərarası komissiyanın 4-cü iclası zamanı imzalanmış protokolun müddəalarının icrası istiqamətində, o cümlədən ticari dövriyyənin artırılması, Bakı-Düşənbə reysinin bərpası, turizm sektorunun inkişafı, məhsulların təkrar emalı, kənd təsərrüfatının inkişafı və digər sahələr üzrə geniş müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR