“CİNEMA” Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” layihəsinə başlayıb

“CİNEMA” Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” layihəsinə başlayıb
# 12 yanvar 2017 06:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə başlayıb. Bu barədə APA-ya açıqlamasında “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev məlumat verib.

O, bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər: “Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir. Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35-dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımi festivala göndərilməməsi dayanır. Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.

F. Şamiyevin sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkarların iştirakı ilə təlimlər təşkil olunacaq. Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları barədə ətraflı məlumat ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR