Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemləri yaradılıb

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemləri yaradılıb
# 18 yanvar 2017 14:45 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması məsələsi müzakirə olunub. AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, elmi tədqiqatların əlaqələndirilməsi, fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi məqsədilə onların fəaliyyətləri daima təkmilləşdirilir və inkişaf etdirilir. Onun sözlərinə görə, respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında pərakəndəlik və müasir texnologiyaların imkanlarından geniş istifadə olunmaması elmin idarə edilməsində ciddi problemlər yaradır.

Akademik Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin və dissertasiya mövzularının reyestrlərinin (informasiya sistemlərinin) yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə artıq Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını qeyd edən akademik R.Əliquliyev bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələlərinin həllinə dəstək verəcəyini bildirib.

Akademik elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların uyğun olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərində saxlanmasının respublikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Vurğulayıb ki, informasiya sistemlərinin verilənlər bazalarının AMEA-nın DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyi də təmin olunacaq.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması işlərini başa çatmış hesab edərək, onların təhvil verilməsi haqqında qərar qəbul edib. İclasda həmçinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması haqqında qərar qəbul edilib, müvafiq təşkilati və elmi-texniki işlərin təmin edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR