Azərbaycanın İKT şirkətləri Beynəlxalq Telekommunikasiya İttifaqının elan etdiyi müsabiqədə iştirak edə bilər

Azərbaycanın İKT şirkətləri Beynəlxalq Telekommunikasiya İttifaqının elan etdiyi müsabiqədə iştirak edə bilər
# 26 sentyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society - WSIS) çərçivəsində “Layihə Prizləri-2014” müsabiqəsinin başlandığını elan edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın İKT təşkilatları və şirkətləri də sözügedən müsabiqədə iştirak edə bilərlər.

Bu müsabiqə WSIS-in yerinə yetirilməsi üzrə nəticələrin, nailiyyətlərin nümayişi, tanınması üçün unikal layihədir. 2014-cü ilin 13 aprelinə qədər davam edəcək müsabiqə 4 mərhələdən ibarətdir.

Müsabiqənin sonunda WSIS üzrə müəyyənləşən 18 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq və mükafatlar “WSIS+10” yüksək səviyyəli tədbirdə təqdim ediləcək. Müsabiqənin əsas hədəfi hər kəsə, maraqlı tərəflərə İKT sahəsində bacarıqlarını, nailiyyətlərini nümayiş etdirmək, uğurlu təcrübələrini paylaşa bilmək, həmçinin öz potensiallarını reallaşdırmaq imkanı vermək üçün platforma yaratmaq, bununla İKT sahəsində davamlı inkişafı sürətləndirməkdir.

Müsabiqə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin fəaliyyəti ilə bağlı Cenevrə İş Planında ifadə edilən 18 kateqoriyanı özündə ehtiva edir. Belə ki, burada müvafiq istiqamətlərin inkişafında dövlət idarəçiliyi orqanları və bütün əlaqədar tərəflərin rolu və dəstəyi əsas götürülür. O cümlədən İKT-nin tətbiqi; informasiya və rabitə infrastrukturu; məlumat və biliklərə keçid; potensialın yaradılması; İKT-dən istifadə vaxtı etibarlılıq və təhlükəsizliyin yaradılması; əlverişli şərt və şəraitin yaradılması; İKT əsasında proqramlar, o cümlədən elektron hökumət, elektron biznes, elektron təhsil, elektron səhiyyə, elektron məşğulluq, elektron ətraf mühitin qorunması, elektron kənd təsərrüfatı, elektron elm, mədəni müxtəliflik və mədəni orijinallıq, dil müxtəlifliyi və yerli məzmun, kütləvi informasiya vasitələri; informasiya cəmiyyətinin etik aspektləri, beynəlxalq və regional əməkdaşlıq kimi fəaliyyət istiqamətləri ön plana çəkilir.

Beləliklə, ilk mərhələ - layihələrin qəbulu noyabrın 1-də Cenevrə vaxtı ilə saat 23:00-da başa çatır. Noyabrın 15-dən dekabrın 16-na kimi dövrü əhatə edən ikinci mərhələdə layihələr ekspertlər qrupuna təqdim ediləcək. Ekspertlər qrupu İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarlarının həlli və icrasında iştirak edən mütəxəssislərdən ibarət olacaq. Üçüncü mərhələdə - 16 dekabr 2013-cü il-15 fevral 2014-cü ildə ictimai - onlayn səsvermə keçiriləcək və bu mərhələdə son səs yenə də Cenevrə vaxtı ilə saat 23:00-da qəbul ediləcək. Nəhayət, dördüncü mərhələnin yüksək səviyyəli mükafatlandırma mərasiminin gələn il aprelin 13-də keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR