Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” adlı konsert proqramı keçirilib.
APA xəbər verir ki, konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan “Kəlağayı Bayramı” milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliği məqsədi daşıyır.
Tədbirdən əvvəl foyedə qədim və müasir kəlağayı nümunələrindən, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.
Tədbirdə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı, eləcə də digər qonaqlar çıxış ediblər.
Konsert proqramı çərçivəsində müğənnilərin və aşıqların ifaları səsləndirilib, kəlağayı mövzusunda videoçarx nümayiş olunub. Bakı İstanbul Liseyinin şagirdləri isə xoreoqraf Amil Əhmədovun rəhbərliyi ilə cəngi rəqsi ifa ediblər.
Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.