Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Meksikada keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edir - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Meksikada keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edir - <span style="color: red;">FOTO
# 19 sentyabr 2014 08:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin rəhbərliyi ilə gömrük xidmətinin nümayəndə heyəti beynəlxalq PICARD Konfransında iştirak etmək məqsədilə sentyabrın 17-19-də Meksikanın Puebla şəhərində səfərdədir.

Komitəsinin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) tərəfindən 2006-cı ildən etibarən hər il təşkil edilən PICARD konfransları gömrük mütəxəssisləri, gömrük tədqiqatları aparan müəssisələr, donor təşkilatları və beynəlxalq təşkilatlar üçün unikal platforma rolunu oynayır. Bu beynəlxalq konfrans gömrük işi və beynəlxalq ticarət sahəsində akademik araşdırmaları, tədris prosesini və təcrübə mübadiləsini təşviq edir.

Sayca IX olan bu ilki konfrans ÜGT, Meksika Gömrük Xidməti və Monterrey Texnologiya və Ali Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir və əsasən Ticarətin Asanlaşdırılması üzrə ÜTT Sazişinin beynəlxalq gömrük praktikasına təsiri, təchizat zəncirinin idarə olunması və qeyri-qanuni ticarətin qarşısının alınmasında gömrük xidmətlərinin rolu, həmçinin gömrük işi sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kimi mövzuları əhatə edir.

Səfər çərçivəsində A. Əliyev eyni zamanda Meksika Baş Gömrük İdarəsinin Baş Gömrük administratoru Alexandro Çakon ilə görüş keçirib.

Görüş zamanı gömrük xidmətləri arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, gömrük işinin bir sıra istiqamətləri üzrə, o cümlədən kinoloji sahədə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş” layihəsi üzrə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR