«Deloit & Touch CIS» şirkəti «ABB-Moskva» bankının 2011-ci il üzrə maliyyə hesabatını təsdiqləyib

«Deloit & Touch CIS» şirkəti «ABB-Moskva» bankının 2011-ci il üzrə maliyyə hesabatını təsdiqləyib
# 09 iyul 2012 14:08 (UTC +04:00)
Bakı – APA-Economics. Dünyanın ən böyük və nüfuzlu auditor şirkətlərindən biri olan «Deloit & Touch CIS» təşkilatı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisəsi olan “ABB-Moskva”nın beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanmış 2011-ci il üzrə maliyyə hesabatını təsdiqləyib.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, auditor yoxlamasının nəticələri “ABB-Moskva”nın inkişaf dinamikasının müsbət olduğunu növbəti dəfə təsdiqləyib.

Maliyyə hesabatına əsasən, 2011-ci ildə bankın aktivlərinin həcmi illik müqayisədə 28% artaraq 17 768 mln. rubldan 22 835 mln. rubla yüksəlib. Bankın xalis mənfəəti rekord səviyyədə - 274% artaraq 54,8 mln. rubldan 204,8 mln. rubla çatıb.

Bu göstəricilər «ABB-Moskva»nın şaxələnmiş biznes modelinin qurulması üçün apardığı məqsədyönlü siyasətinin nəticəsidir - bunun sayəsində ayrı-ayrı müştəri və ya müştəri qruplarından və ya onların fəaliyyət sahəsindən asılılıq riski maksimum azalır.

Hesabat dövrü ərzində «ABB-Moskva»nın müştərilərinin artım dinamikası da yaxşı olub ki, bu da onların banka inamının göstəricisidir. Auditor rəyinə əsasən, müştərilərin hesablarındakı vəsaitlər 44% artaraq ilin sonunda 7 372 mln. rubl (2010-cu ildə 5 119,1 mln. rubl) təşkil edib. Bankın hesablarında korporativ müştərilərin pul vəsaitlərinin həcmi 4 025 mln. rubl (ötən illə müqayisədə 38%) artıb, pərakəndə müştərilərin pul vəsaitləri isə 3 347 mln. rubl (+53%) təşkil edib.

Ötən il ərzində bankın faiz gəlirləri 1 956 mln. rubla (2010-cu ildə 1 899 mln. rubl), əməliyyat gəlirləri isə 1 001 mln. rubla (2010-cu ildə 689 822 mln. rubl) çatıb.

«ABB-Moskva» həmçinin banklararası kredit bazarının aktiv operatorudur. Hesabat ilində bankın banklararası kredit bazarında cəlb elədiyi kreditlərin həcmi 20% artaraq 12 840 mln. rubla çatıb. O cümlədən ötən il 1,32 mlrd. rubl həcmində vəsaitin cəlb olunması üçün Rusiya Federasiyası ilə müqavilə bağlanıb. Bu müqavilənin iştirakçıları “Gazprombank” ASC, “Bank-Uralsib” ASC və “MDM-BANK” ASC olub.

Keçən il bank Rusiya və Azərbaycan arasında ümumi məbləği 15 mln. dollar, 294 min avro və 390 mln. rubl olan 90 min pulköçürmələri həyata keçirib. Bankın «Visa» və «MasterCard» sistemləri üzrə kart emissiyası 31 708 ədədə çatıb. Cari ilin yanvarın 1-dək plastik kartlara xidmət üçün bank 200 POS-terminal və 48 bankomat quraşdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR