İcbari Sığorta Bürosuna fevralda icbari avtomobil sığortası üzrə 3 mln. manatdan çox vəsait toplanılıb

İcbari Sığorta Bürosuna fevralda icbari avtomobil sığortası üzrə 3 mln. manatdan çox vəsait toplanılıb
# 06 mart 2012 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayında İcbari Sığorta Bürosunun (İSB) müvafiq sığorta növünü aparmağa icazəsi olan 8 sığorta şirkəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə ümumilikdə 3,173 mln. manat həcmində sığorta haqqı yığılıb.
İSB-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində bu sığorta növü üzrə 39 875 icbari sığorta müqaviləsi bağlanılıb ki, bunun da 12 968-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.
Bürodan bildirilib ki, cari ilin yanvar ayı ilə müqayisədə fevral ayı ərzində qeyd olunan növü üzrə bağlanmış sığorta müqavilələrinin sayında 48%, daxil olan sığorta haqlarının məbləğində isə 56% artım olub.
Qeyd edək ki, büro ötən ilin sonundan fəaliyyət göstərir. Büroya «Paşa Sığorta», «Atəşgah Sığorta», «Standard Insurance», «AtaSığorta», «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta» və «Alfa Sığorta» şirkətləri üzv olub.
Xatırladaq ki, büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR