«Bank Silk Way»in aktivləri ötən il 8% artıb

«Bank Silk Way»in aktivləri ötən il 8% artıb
# 24 yanvar 2014 07:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Silk Way» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 203,203 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,2 dəfə artaraq 147,981 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 17,512 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 48,3% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 2,7 dəfə artaraq 15,008 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,9 faiz bəndi azalaraq 10,1%-ə düşüb.

Bankın depozit portfeli keçən il 2,2 dəfə azalaraq 45,469 mln. manata enib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 33,092 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 16,6% çoxdur.


Hesabat ilində bankın məcmu kapitalı 35,7% artaraq 102,691 mln. manat, o cümlədən nizamnamə kapitalı 38,3% artaraq 97,130 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,8% artaraq 8 393, o cümlədən fiziki şəxslərin sayı 1,9% artaraq 8 252, hüquqi şəxslərin sayı dəyişməz qalaraq 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 11 558-ə bərabər olub ki, bu da illik müqayisədə 25,7% çoxdur. O cümlədən, debet kartların sayı 20,5% artaraq 10 639-a, kredit kartların sayı 2,4 dəfə artaraq 919-a çatıb.


Hazırda bankın ölkə üzrə 5 filialı, 33 bankomatı, 127 POS-terminalı fəaliyyət göstərir. Bankın 114 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR