Türkiyədə yaşayan azərbaycanlı rəssamın Almaniyada sərgisi açılıb

Türkiyədə yaşayan azərbaycanlı rəssamın Almaniyada sərgisi açılıb
# 05 iyul 2016 23:58 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin Çanaqqala şəhərində yaşayan azərbaycanlı rəssam-heykəltəraş Vahid Novruzovun Almaniyanın paytaxtı Berlin şəhərindəki “Bakı-Berlin” qalereyasında sərgisi açılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə Vahid Novruzovun son illərdə çəkdiyi yağlıboya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Alman sənətsevərlərinin maraqla qarşılaşdığı sərginin açılışı münasibəti ilə Berlindən APA-ya açıqlama verən rəssam-heykəltəraş Vahid Novruzov “Bakı-Berlin” qalereyasında açılmış ikinci sərgisi olduğunu deyib: “Qalereyanın mənim yaradıcılığıma maraq göstərməsindən çox məmnunam, çünki bu cür sərgilər Avropada daha çox tanınmağıma səbəb olur, satılan əsərlərim Avropanın kataloqlarına daxil edilir. Türkiyədə uzun illər “Mitsui” şirkəti mənim əsərlərimi alıb. Mədəniyyət və turizm nazirliyinin sifarişi ilə Çanaqqala və başqa şəhərlərdə tanınmış şəxsiyyətlərin heykəllərini ucaltmışam. Dünyaya tanınmaq hər bir sənətkarın arzusudur, arzularımın reallaşması məni daha fundamental işlər görməyə ruhlandırır”.

Qeyd edək ki, 1964-cü ildə Tovuz rayonunda anadan olan rəssam-heykəltəraş Vahid Novruzov, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini və Əlibəy Hüseynzadə adına İncəsənət universitetində məşhur rəssam Hafiz Məmmədovun sinfini bitirib. Dövlətin dəvəti ilə 2001-ci ildə Türkiyəyə gedən Vahid Novruzov o vaxtdan bəri Çanaqqala şəhərindəki 18 Mart universitetində sənət dərsləri verir. Novruzovun Çanaqqalada yaratdığı sənət emalatxanasının təxminən 50 daimi müdavimi var. İndiyədək Türkiyədə 20-dən çox fərdi sərgi açmış Vahid Novruzovun əsərləri Avropa ölkələrinin, Rusiyanın, Yaponiyanın muzey və kolleksiyaları tərəfindən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR