Azərbaycan prezidenti İlham Əliyev Salyanda səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Salyanda səfərdədir
# 04 sentyabr 2013 10:15 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu Öndərin möhtəşəm abidəsi ucaldılıb. Abidə Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb. Parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınıb, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, qranit və asfalt döşənib, su anbarı inşa olunub.

Azərbaycan prezidenti Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilib. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir. Meydanın ərazisində istirahət parkı da salınıb.

Azərbaycan prezidenti parkın ərazisini gəzib. Ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilib. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunub. Burada geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulub, oturacaqlar qoyulub. Parkda uşaq-əyləncə qurğuları quraşdırılıb. Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətbaşçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əməkdar müəllim Yaqut Ələsgərova və əməkdar mədəniyyət işçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonra xatirə şəkli çəkdirilib. Daha sonra prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzin inşasına 2011-ci ilin dekabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir. Azərbaycan prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub. Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr var. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.

Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə Ulu Öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və digər təltifnamələrinin surətləri nümayiş olunur. Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya var.

Prezident İlham Əliyev həmçinin Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb, inşaat işləri ötən ilin avqustunda başa çatdırılıb. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları var. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılıb. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR