Bədri Baykam: “”Erməni soyqırımı” məsələsində Perinçəkdən sonra ən çox zəhmət çəkmiş adamlardan biriyəm” - MÜSAHİBƏ

Bədri Baykam: “”Erməni soyqırımı” məsələsində Perinçəkdən sonra ən çox zəhmət çəkmiş adamlardan biriyəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 24 oktyabr 2015 11:01 (UTC +04:00)

“Bizi “Avropa Birliyinə gedirik” deyə bilet verib aldatdılar, oyandıq ki, Tehrandayıq”

İstanbul. Mayis Əlizadə - APA. Oktyabrın 18-də UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasının rəhbəri seçilən Türkiyənin tanınmış rəssamı, yazar və şərhçi Bədri Baykamın APA-ya müsahibəsi

- Beynəlxalq İncəsənət Akademiyasının sədri seçilməyiniz çox sevindirici oldu. Məsuliyyətiniz daha da artdı. Nə demək istərdiniz?

- 1989-cu ildə Türkiyədə UNESCO-ya bağlı Beynəlxalq Plastik Sənətçilər Dərnəyini (UPSD) quran 8 sənətkardan biri mənəm. Daha əvvəl İdarə Heyətinin üzvü, sədr müavini olmuşdum, 2006-cı ildən bəri UPSD-nin başqanıyam. Son 4 ildə isə həm dünya, həm də Avropa üzrə İdarə Heyətinin üzvüyəm. Slovakiyanın Pilzen şəhərində keçirilən qurultayda bir çox önəmli ölkə mənim başqan olmağımı istədi. Rəqib ev sahibi Slovakiya idi. Ayrılmalarına baxmayaraq, Çexiya ilə Slovakiya daim bir-birlərini dəstəkləyirlər. Normalda ev sahibləri bu cür seçkilərdə qalib gəlir. Slovakiyanın nümayəndəsi Pavel Kral Avropa başqanlığından istefa vermişdi, dünya başqanlığına keçmək istəyirdi. Ancaq seçkidə mənə Slovakiyadan iki dəfə artıq səs verdilər. Bu şəkildə başqan seçildim.

- Sizi həmişə türk toplumunun önünü açmağa çalışan bir aydın kimi gördük. Yanılmıramsa, 2000-ci ildə Atatürk Kültür Mərkəzində sərginizin açılışına 40 qoyun gətirmişdiniz. Bunu nə üçün etmişdiniz?

- (Gülür – M. Ə.) Tam o cür deyil. “Şu benim 20. yüzyılım” mənim karyeramın ortasındakı retrospektiv sərgim idi. O sərgi, dediyiniz kimi, 2000-ci ildə oldu. Qoyunları isə 2004-cü ildəki sərgimə gətirmişdim. 2004-cü ildə “Küratoryal şizofreni” adlı sərgimin açılışına 41 qoyun gətirmişdim: 41 kərə maşallah. Sərginin mövzusu bu idi: gənc sənətkarlar özlərini sənət kuratorlarına çox təslim edirlər. Sanki kurator varsa, sənət var, yoxdursa, sənət yoxdur. Kurator onlara yol açmasa və ya komandasına almasa, futbol komandasına seçilməyən adam kimi olurdular. Mən də bu şəkildə müstəqil sənətkar olunmayacağını, sadəcə, kuratorun sifarişini yerinə yetirəcəyini, “kurator çobandırsa, sən də qoyun ola bilərsən” - məntiqsizliyini onlara başa salmaq üçün 41 qoyun gətirdim. Xülasəsi bu idi.

- İndi sənətə münasibətdə konyukturaçılıq çox tənqid edilir. Məsələn, Erol Akyavaşın tablolarında ərəbcə yazılar olmasına görə çox tələb görməsi Mehmet Güləryüz tərəfindən sərt tənqidə məruz qaldı. Bununla bağlı siz nə düşünürsünüz?

- Erol Akyavaş o əsərləri həyatda ikən yaradıb, ərəb əlifbasının hərflərini tablolarına o vaxt qoyub. Allah rəhmət etsin, dəyərli bir dostum idi. Təbii ki, Erol Akyavaş o tabloları AKP üçün, bu dövr üçün çəkməyib. Amma mən sənətdəki ifadə tərzlərinin hamısının sərbəst olmasının tərəfdarıyam. Sevdiyim sənətkar olan Erol Akyavaşa da sayğı duyuram. Ancaq bu dönəmdə Erol Akyavaşın müxtəlif insanlar tərəfindən o şəkildə dəyərləndirilmək istənildiyini də bilirəm. Təəssüf ki, Türkiyədəki əsas konyuktura sənətə və sənətkara olan düşmənçilikdir. Siyasətçilər bir-birlərini söyərkən “artistlik etmə” - deyirlər. Teatrlara dəstəyin kəsilməsi, jurnalist-yazarlara senzura tətbiq edilməsi, onların döyülməsi... Türkiyədə olan problemləri saymaqla qurtarmaz. Biz Türkiyədə demokratiyaya sahib çıxmaq istəyiriksə, başqa ölkələrlə müqayisədə sənətkarın daha çox məsuliyyəti vardır. Beynəlxalq İncəsənət Assosiasiyasına başqan seçiləndən sonra etdiyim təşəkkür çıxışında sənətkarların haqlarını qorumaq üçün hər yerdə üstümüzə düşən məsuliyyəti yerinə yetirəcəyimizi vurğuladım. Assosiasiyaya üzv olan ölkələrin bəzilərində təhdid altında olan sənətkarlara və yazarlara təhlükəsiz şəraitdə yaşayıb-yarada biləcəkləri məhəllələr qurulmasını təklif edənlər oldu. Bu, daha əvvəl İsveçin bir şəhərində sınaqdan keçirilib. O cür şəhərlərin sayının çoxaldılması istənildi. Təəssüf ki, dünya belə bir ehtiyaca doğru gedir. Dünya XXI əsrdə kosmos çağına gedəcəyi yerdə orta çağa gedir. Hal-hazırda bunu yaşayırıq.

- “AB bileti ilə Tehrana doğru” adlı kitabınız var...

- Eynilə. Bizi “Avropa Birliyinə gedirik” deyə bilet verib aldatdılar. Bir də oyandılar ki, Strasburqa və ya Brüsselə yox, Tehrana çatıblar.

- “Sümük” romanınız məhkəmə qərarıyla satışdan yığışdırılmışdı. O kitabın aqibəti necə oldu?

- “Sümük” 2001-ci ildə məhkəmədə bəraət qazandı. Hakimi razı sala bildik. O vaxtlar AB-yə girmə həvəsimiz daha konkret olduğuna görə, kitab yığışdırmaq kimi bir ayıbı yaşamamaq üçün “Sümük” romanına bəraət verdilər. O vaxt məhkəmə bizi çox məşğul etdi. Ancaq təəssüf ki, bizlər məhkəməyə getməyi öyrəşmişik. Zənglə işdən qovulan jurnalistlər, döyülən, təhdid edilən jurnalistlər, sosial mediadakı sözlərinə görə həbs edilən insanlar... Təəssüf ki, bu “vəsiqə” ilə AB-yə girə bilməyəcəyimiz açıq-aşkardır. Belə bir vəziyyətdə axşam evinə girə bilməyəcəyin açıq-aşkardır, nəinki AB-yə. (Gülür – M. Ə.)

- Türkiyəyə qarşı qondarma “soyqırım” təzyiqləri başlayanda siz Yurdsevər Hərəkatını qurdunuz.

- Yurdsevər Hərəkatı 2004-cü ildə quruldu. Yeganə səbəbi o deyildi.

- Axırıncı dəfə 18 yanvar 2014-cü ildə AİHM-in hörmətli Doğu Perinçəkin lehinə verdiyi qərardan sonra yeni planları müzakirə edərkən başda Orhan Pamuk olmaqla, liberal aydınları sərt tənqid etdiniz. 11 illik mübarizədən sonra gəlinən nöqtə sizi razı salırmı?

- Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən bu məsələdə Perinçəkdən sonra ən çox zəhmət çəkmiş adamlardan biriyəm. Fransa parlamentinə və Senatına açıq məktublar yazdım, oranın TV-lərində dəfələrlə çıxış etdim, dəfələrlə məqalələr yazdım, müsahibələr verdim, obyektiv vəziyyəti başa saldım. Böyük bir anti-Türkiyə hərəkatı var. Türkiyənin bəzi aydınları “biz soyqırımçıyıq!” - demək üçün sanki yarışa girmişdilər. Onların arasında obyektiv sözlər danışanda sizə faşist deyirlər. Halbuki mən deyirəm ki, Türkiyə ilə Ermənistanın bir gün sülh şəraitində yaşama ehtimalı olsa belə, siz bu mövqeyinizlə o ehtimalı da aradan qaldırırsınız, türk xalqına “soyqırımçı” deyirsiniz. Biz isə “bunun sübutu haradadır, bu, haradan çıxdı?” deyəndə və öz obyektiv sənədlərimizi masanın üstünə qoyanda bundan Fransa da qaçır, Ermənistan da, İsveçrə də. Onlar futbol oyununu oynamadan udmaq istəyirdilər. Oyunu oynamadan “mən uddum” deyə bilməzsiniz. Onlar isə oyunu oynamadan udmaq istəyirlər. Bəlkə mən yanılıram, bəlkə gerçəkdən “soyqırım” olub, bəlkə sizin sənədlər doğrudur, açın, biz də görək. Bəlkə siz məni qane edəcək faktlar ortaya qoyacaqsınız? Bəlkə siz obyektiv hakimləri razı salacaqsınız, niyə qorxursunuz, niyə qaçırsınız? Onlara İsveçrədə, ABŞ-da, Fransada deyirlər ki, siz 3-0 qalib gəldiniz, biz Türkiyəni meydançaya çıxarmayacağıq. Belə bir şey heç Uqandada yoxdur. Yəni Uqandada belə qəbilə rəisi bir nəfəri asmağa qərar verirsə, formal da olsa, məhkəmə keçirir. Burada məhkəmə belə olmadan bizə böhtanı qəbul etdirməyə çalışırdılar. Elə isə sənəd-sübutların haradadır, onları görə bilərikmi? Faşistlərin yəhudilərə yapdığı soyqırımın 110 min əyani sübutu var, bəs bizim ermənilərə yapdığımız iddia edilən “soyqırımın” hər hansı sübutu da varmı? Yoxdur. O vaxt başqa vilayətlərimizdə yaşayan erməniləri nə işdən çıxaran olub, nə də ticarətlərinə əngəl olan. Osmanlı imperiyasının çökdüyü dönəmdə özlərinə pay almaq istəyən qrupların imperiyaya qarşı bir hücumu var. Biz səhv ediriksə, isbat etsinlər. Bernard Lewis, Justin McCarthy kimi obyektiv tarixçilər Türkiyənin arqumentlərinin çox doğru olduğunu deyirlər. Avropalı siyasətçilər gündəlik reytinq qayğısından xilas olmalıdırlar. Erməni diasporası onlara səs verməyəcəksə, verməsin. Onlar işin doğrusunu öyrənməli, görməli və ona uyğun şəkildə hərəkət etməlidirlər. Ancaq təəssüf ki, Avropa o səviyyədə siyasətçiləri hələ yetişdirə bilməyib.

- Hıncal Uluçdan Səlahəddin Dumana qədər hamı sizə “möcüzəvi adam” deyir. Saat 22-də “Fenerbahçe” stadionunda olacaqsınız, saat 24-də studiyaya keçib futbol şərhi verəcəksiniz. İldə 10-15 sərgi açırsınız, jurnal çıxarırsınız, romanlar yazırsınız, Türkiyədə dərnək başqanı ikən indi də beynəlxalq assosiasiyaya başqan seçildiniz. Bu işlərin hamısını necə çatdırırsınız?

- And içirəm ki, 50 il, 80 il sonra mənim haqqımda kitablar yazılanda, filmlər çəkiləndə deyəcəklər ki, Bədri Baykam tək deyildi, özünə oxşayan 2 adamı da yerinə qoyurdu. Bunu riyaziyyatla izah etmək mümkün deyil. Yüzlərlə məqalə yazmaq, yüzlərlə kitab çıxarmaq... Yazdığım kitablar kərpic kimidir, ortalama 500-600 səhifədir. Bu qədər TV proqramında çıxış etmək, süni çimdə futbol oynamaq... “Bunu tək insan yapmışdır”- deyənlərə “səfeh” deyəcəklər. Çünki bunların hamısı bir yerdə 3 həyat edir. Sonra mənə bənzəyən adamları axtaracaqlar. Biri deyəcək ki, bu idi, o biri deyəcək ki, o idi. Belə maraqlı şeylər olacaq. (Gülür – M. Ə.)

- Deyəsən, Azərbaycan Rəssamlar Birliyi sizin başqan seçildiyiniz assosiasiyanın üzvü deyil.

- Biz azərbaycanlı rəssamları Türkiyədəki dərnəyimizə üzv etmək istəyirik, bir neçə üzvümüz də var. Ancaq qanuna görə, onların bizə üzv olmaları üçün yaşama icazəsi almaları lazımdır. Əgər yaşama icazəsi almaları üçün bizim dəstəyimizə ehtiyacları varsa, biz də məktub verməyə hazırıq. İAA başqanı seçiləndən sonra üzvlərimizin fəaliyyəti barədə geniş raport istəmişəm. Zənn edirəm ki, Azərbaycan Rəssamlar Birliyi üzvümüz deyil. Dəqiq baxacağam. Əgər üzvümüz olub da fəaliyyəti passivdirsə, aktivləşməsi üçün hər cür dəstəyi verəcəyəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR