Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur
# 06 dekabr 2013 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur. APA-nın xəbərinə görə, bu gün münasibətilə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başda olmaqla nazirlik əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Nazir Ə.Abbasov jurnalistlərə açıqlamasında deyib ki, bu il İKT ili çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı daha geniş şəkildə qeyd olunur. Onun sözlərinə görə, “Bakutel-2013” sərgisi çərçivəsində davam edən tədbirlər, seminarlar peşə bayramına xüsusi şəkil verir: “Bu il də Azərbaycan rabitə sahəsi üzrə bir neçə yeni texnologiyaları əldə edib, İKT bazarlarının canlanmasında, Azərbaycan şirkətlərinin beynəlxalq aləmdə iştirakında mühüm addımlar atılıb. Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına təkcə Azərbaycandan yox, xaricdən böyük diqqət və marağı görürük”.

Qeyd edək ki, 1881-ci il dekabrın 6-da Bakıda Nobel qardaşları tərəfindən uzunluğu 6 km olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitənin yaranma tarixi başlanıb. 2006-cı ildən etibarən hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR