AB ilə Azərbaycan arasında Fəaliyyət Planı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb - FOTO

AB ilə Azərbaycan arasında Fəaliyyət Planı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 30 avqust 2013 14:57 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı Ş.Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, AB-nin nəqliyyat üzrə komissarı Siym Kallas, qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Ş.Füle və Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti Vilgelm Moltererlə görüşlər keçirib.

Ş.Mustafayev S.Kallasla görüşdə Azərbaycanda və regionda həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyətini vurğulayıb və Cənubi Qafqaz regionunda regional əməkdaşlığın inkişafının bariz nümunəsi olduğunu bildirib. Ş.Mustafayev tam regional inkişafın və əməkdaşlığın yalnız Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkün ola biləcəyi fikrini həmsöhbətinin diqqətinə çatdırıb.

Komissar S.Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin AB tərəfindən dəstəkləndiyini bildirib və bu mühüm regional nəqliyyat layihəsinin məhz bölgənin sülh və təhlükəsizliyinə töhfə verəcəyini xüsusilə vurğulayıb.

Ş.Füle ilə görüşdə isə Azərbaycanla AB arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. Ş.Füle Azərbaycanın AB üçün müstəqil və etibarlı tərəfdaş olduğunu vurğulayıb, AB tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edib.

Ş.Füle Azərbaycan prezidenti İlham Əliyevin iyun ayında Brüsselə səfərini yüksək qiymətləndirərək, bu səfərin AB-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər üzrə inkişafına verdiyi töhfəni xüsusilə vurğulayıb.

Görüş zamanı Ş.Mustafayev AB ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib, Avropa Birliyi ölkələrinin Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutduğunu və Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu bildirib. İqtisadi inkişaf naziri həmçinin, regiondakı siyasi-iqtisadi vəziyyət barədə geniş məlumat verib, regionun gələcək inkişafının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən asılı olduğunu vurğulayıb.

Görüş zamanı Ş.Mustafayev və Ş.Füle tərəfindən AB-Azərbaycan 2012-ci il Fəaliyyət Planı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb.

Ş.Mustafayev V.Moltererlə görüşdə Azərbaycanla AİB arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb və bu görüşün sonunda tərəflər arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən Çərçivə Sazişi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR