Səfir: “Azərbaycanla Yunanıstan arasında əlaqələri dərinləşdirmək üçün hər iki tərəfdən siyasi iradə var” - MÜSAHİBƏ - FOTOSESSİYA

Səfir: “Azərbaycanla Yunanıstan arasında əlaqələri dərinləşdirmək üçün hər iki tərəfdən siyasi iradə var” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2014 10:46 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqasın (Dimitrios Tsoungas) APA-ya müsahibəsi

- Cənab səfir, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsi Sizi qane edirmi?

- 1993-cü ilin mart ayından, yəni Bakıda səfirliyimiz açılandan, biz qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan möhkəm əlaqələr qurmağa çalışırıq. Düşünürəm ki, doğru istiqamətdə irəliləyirik. Əlaqələrin inkişafının pik həddi ötən ilə – təbii qazı Yunanıstandan Avropaya nəql edəcək Trans Adriatik boru kəmərinin seçimi və səhmlərinin 66 faizi SOCAR tərəfindən alınmış Yunanıstanın DESFA dövlət şirkəti ilə bağlı iki vacib qərarın qəbul olunmasına təsadüf edir. Bu, hələ başlanğıcdır və yalnız enerji sektorunu əhatə edir. Əlaqələrimiz çox sürətlə inkişaf edir. Hər iki tərəfdən bu əlaqələri dərinləşdirmək üçün siyasi iradə var. Mən bu əlaqələrin səviyyəsini əla kimi yox, yaxşı kimi dəyərləndirərdim. Çünki bu əməkdaşlığın inkişafı üçün daha böyük imkanlar mövcuddur. Onu da əlavə etmək istərdim ki, Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstana yaxın vaxtlarda planlaşdırılan səfəri xüsusi əhəmiyyət kəsb edəcək və ikitərəfli əməkdaşlığın gələcək inkişafına yeni təkan verəcək.

- Azərbaycanla Yunanıstan arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivini necə dəyərləndirərdiniz?

- Deyərdim ki, hər iki ölkənin iş adamları bir-biri ilə o qədər də tanış deyillər. Səlahiyyət müddətim bitənədək yunan iş adamlarını Azərbaycana, azərbaycanlı biznesmenləri isə Yunanıstana səfər etməyə inandırmağa çalışacağam. Ötən il tanınmış yunan şirkətlərinin əksəriyyəti “Baku Bild” sərgisində iştirak edib. Bu il Azərbaycanda müxtəlif sərgilərdə daha çox yunan şirkətləri təmsil olunacaq. Yunanıstanda keçirilən sərgilərdə bütün dünyanın iş adamları üçün yaxşı fürsətlər yarana bilər. Düşünürəm ki, bu, tərəflər üçün bir-birini tanımaq üçün ən yaxşı vasitədir. Odur ki, azərbaycanlı biznesmenləri bu sərgilərə gəlməyə və təcrübələri ilə bölüşməyə çağırıram.

- İki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

- Hazırkı ticarət dövriyyəsi 700 milyon avro təşkil edir. Bunun əksər hissəsi Azərbaycan nefti və neft məhsullarının Yunanıstana ixracının payına düşür. Yunanıstan üçün ticarət balansı mənfi kimi qiymətləndirilir. Hər iki tərəf bunu dəyişmək üçün səylər göstərməlidir.

- Bəlli olduğu kimi SOCAR DESFA səhmlərinin 66 faizini alıb. Bu istiqamətdə əməkdaşlıq neçə inkişaf edir?

- Bu, olduqca texnokratik bir prosesdir. Bu proses müvafiq qurumlar və dövlət şirkətləri arasında aparılan texnokratik danışıqlarından ibarətdir. Düşünürəm ki, məsələ uğurla həll edilir və proses bu il yayın ortalarında yekunlaşacaq.

- Azərbaycanlı biznesmenlər üçün Yunanıstan iqtisadiyyatının hansı sahəsi cəlbedici ola bilər?

- İlk növbədə tikinti sahəsi. İki ölkə seysmoloji zonalarda yerləşdiyindən zəlzələlərdən əziyyət çəkir, ona görə də təcrübəmizi bölüşmək faydalı olardı. Çünki anti-seysmik binalar sahəsində “nou-hau”muz var. Fikrimcə, bu sahədə Yunanıstan Azərbaycanla öz təcrübəsini bölüşə bilərdi. Təkcə öyrətmək baxımından deyil, nəsə götürmək baxımdan da... Digər maraqlı sahələr də var. Məsələn, aqrar mədəniyyət. Yunanıstan aqrar məhsullarının yüksək keyfiyyəti ilə tanınır. Bu siyahıya yükdaşımaları da əlavə etmək olar, çünki bu gün Yunanıstan dünyada ən böyük ticarət donanmasına malikdir. O cümlədən telekommunikasiya, turizm, səhiyyə turizmi və idman kimi sahələr var. Nəzərə alsaq ki, 2015-ci ildə Bakıda Avropa Oyunları keçiriləcək, bizim bu sahədə böyük təcrübəmiz var. Həmçinin istənilən xidmət növünü qeyd edərdim. Və əlbəttə ki, energetika sahəsi. Hazırda biz Azərbaycandan təbii qaz almağa hazırlaşırıq. Bu, tam deyil, təxmini siyahıdır.

- Hər iki ölkə tərəfdən bir-birinin iqtisadiyyatına yatırımların həcmi nə qədərdir?

- Hər iki tərəfdən investisiyaların həcmi sıfıra bərabərdir. Biz Azərbaycandan neft-qaz məhsulları idxal edirik. Yunanıstandan da Azərbaycana ixrac var, lakin çox az həcmdə. Hələ fəaliyyətə başlamamış Trans Adriatik qaz kəməri Yunanıstan üçün ən böyük investisiya olacaq. Lakin bu investisiyalar şirkətlərin konsorsiumundan daxil olacaq, yəni ölkənizlə bağlılığı yoxdur. Həmçinin SOCAR-DESFA məsələsi da hələ tam yekunlaşmayıb. İstənilən halda ümidliyəm. Düşünürəm ki, növbəti 4 ildə ölkələrimiz arasında əməkdaşlıqda inkişaf müşahidə edəcəyik.

- Azərbaycan ərazisində neçə yunan şirkəti fəaliyyət göstərir?

- Rezident şirkətlər yoxdur. Halbuki Bakıda ofis açmağa hazır olan 3-4 şirkət tanıyıram. Artıq bir çox yunan şirkəti Azərbaycan bazarında təmsil olunur, onlar müxtəlif növ materiallar ixrac edir. Bildiyimə görə, SOCAR da Yunanıstanda törəmə şirkəti yaradıb.

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Avropa Birliyi əməkdaşlığına necə təsir göstərə bilər? Sizcə, Azərbaycanla Ermənistan necə sülh əldə edə bilər?

- Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu var. Tənqid atəşinə tutulmalarına rəğmən, onlar yaxşı iş görürlər, işlərinin öhdəsindən gəlirlər. Həmsədrləri Avropa Birliyinin bütün ölkələri, o cümlədən Yunanıstan dəstəkləyir. Biz hamımız münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik. Bu, çətin məsələdir, qərar hər iki tərəfi qane etməlidir. Tərəflər müxtəlif səviyyələrdə təmasda olmalıdır, necə ki, olurlar. Bu cür görüşlər çox faydalıdır. Proses müəyyən vaxt aparacaq. Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Dondurulmuş sözü o deməkdir ki, münaqişə çoxdan var və yenə davam edə bilər. Lakin siz təslim olmamalısınız, nikbin olmalısınız. Ola bilsin ki, sizə hansısa kompromisə getmək lazımdır, axı dünya bu konsepsiya üzərində qurulub. Avropa Birliyində 28 müxtəlif ölkə var. Biz görüşlər, danışıqlar, mütəmadi təmaslar vasitəsilə ümumi mövqe sərgiləməyə, bütün tərəflər üçün əlverişli qərarın qəbulu üçün kompromis tapmağa çalışırıq. Avropa Birliyi institutu kompromis üzərində qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR