Səhiyyə Nazirliyi: Qripin mövsümi artımı olsa da, müayinələr nəticəsində “quş qripi” aşkar olunmayıb

Səhiyyə Nazirliyi: Qripin mövsümi artımı olsa da, müayinələr nəticəsində “quş qripi” aşkar olunmayıb
# 09 yanvar 2014 11:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

A. Əliyeva bildirib ki, hələ də müxtəlif ölkələrdə “quş qripi” virusu var, amma Azərbaycanda bu hal müşahidə olunmur: “Ümumiyyətlə, qripəbənzər, ağır keçən respirator virus infeksiyalı xəstələr aşkar olunur, qeydiyyata götürülür. Əgər şübhəli xəstə olarsa, onlarda laborator müayinə aparılır. Baxmayaraq ki, müayinələr aparılır, bu günə kimi Azərbaycanda quş qripi virusu aşkar olunmayıb. Yenə də ciddi nəzarət aparılır. Qripə yoluxduğu şübhəli olan və ağır kəskin respirator virus infeksiyalı xəstələrin labarator müayinələri təmin edilir”.

Respublika Taun Əleyhinə Stansiyanın elmi işlər üzrə direktor müavini Rakif Abdullayev isə APA-ya bildirib ki, hazırda “quş qripi” virusunun Azərbaycanda heç bir göstəricisi müşahidə olunmur: “Əgər bu virusun göstəriciləri aşkar olunarsa, biz bununla bağlı tədbirlər görərik. Ümumiyyətlə, laboratoriyada yoxlama apararkən bu cür virus aşkar olunarsa, müayinə edib, analiz gələn ünvana dəqiq cavab göndəririk. Hələ ki, belə bir fakt yoxdur”.

Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, Azərbaycana Çin, Vyetnam, Hindistan, Kamboca kimi ölkələrdən quş əti gətirilmir: “”Quş qripi”nin daşıyıcıları həm canlı quşlar, həm də onun məhsullarıdır. Xarici ölkələrdən köçüb gələn canlı quşlarda da bu virus aşkar olunmayıb. Biz quş əti məhsullarını qeyri-sabit ölkələrdən almırıq, quş qripinə və digər yoluxucu xəstəliklərə görə sabit vəziyyət olan ölkələrdən alırıq. Bu günə qədər həmişə ölkəyə Türkiyə, Braziliya və ABŞ-dan quş əti gətirilib. Bu ölkələrdə də “quş qripi”nə və digər yoluxucu xəstəliklərə görə, epizodik durum sabitdir”.

Y. Xanvəli əlavə edib ki, Dövlət Baytarlıq Xidməti “quş qripi” xəstəliyinə görə sonuncu monitorinqi ötən il dekabrın 9-da aparıb, nəticələri isə dekabrın 20-də ictimaiyyətə açıqlayıb: “Həmin monitorinq zamanı da müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilmədi. Növbəti monitorinqə isə yanvarın 27-də başlamağı nəzərdə tuturuq”.

Qeyd edək ki, euronews.com-un verdiyi məlumata görə, bir neçə gün öncə Çinə gedən Kanada vətəndaşı H5N1 virusuna ( Quş qripi) yoluxub və yanvarın 3-də müalicə aldığı xəstəxanada ölüb. Həmin virusa Kanadada daha sonra rast gəlinməyib. Ölüm faktı 1 nəfərdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR