Erkin Qədirli: “Cəmil Həsənlinin seçki təşviqat mitinqi mövzudan kənar formatda keçirildi”

Erkin Qədirli: “Cəmil Həsənlinin seçki təşviqat mitinqi mövzudan kənar formatda keçirildi”
# 23 sentyabr 2013 11:41 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında “ReAL” (Respublikaçı Alternativ) hərəkatının Məclis sədri Erkin Qədirli deyib. Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 22-də keçirilən mitinqini dəyərləndirən E. Qədirli bildirib ki, aksiya prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqatı baxımından uğurlu alınmayıb: “İsgəndər Həmidov kimi adam tribunaya çıxaraq səviyyəsiz şeylər danışır. Bu, Cəmil Həsənlinin təşviqat kampaniyasına yaraşan məqamlar deyil. İnsanlar o mitinqə Cəmil Həsənliyə görə gəlmişdi”. (Qeyd edək ki, E. Qədirli “Facebook” səhifəsində yazdığı statusda mitinqin təşkilatçılarını tənqid edib.)

AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının Mitinq Komitəsinin sədri Asəf Quliyev isə E. Qədirlinin bəzi fikirlərini normal qəbul etsə də, ümumilikdə onunla razı olmadığını söyləyib: “Əlbəttə, İsgəndər Həmidovun mitinqdə Siyavuş Novruzov və yaxud Siyavuş Novruzovun bu gün mətbuatda İsgəndər Həmidovla bağlı dediyi fikirləri qəbul etmirəm. Bu fikirlərə qarışmırıq. İstənilən tənqidi fikirdə təhqirə yol vermək olmaz. Ancaq Erkin Qədirli digər mitinqlərlə müqayisədə son aksiyanın kütləviliyinə şübhə yaratmamalıdır. Hər halda, fərq hiss olunur. Həyatda ideal heç nə yoxdur. Ola bilər ki, bəzi məsələlərdə çatışmazlıq olub. Amma ümumilikdə mitinq müsbət baş tutub”.

A. Quliyev əlavə edib ki, aksiyada köhnə siyasətçilərin çıxış etmələrinə Erkin Qədirlinin mənfi reaksiyasını qəbul etmir: “Əgər sözü var idisə, o da çıxış edə bilərdi. Biz bütün mitinqlərimizdə gənclərə yer ayırırıq. Kənardan söz demək asandır. Gəlsin, prosesdə iştirak etsin. Biz əməyi olan yaşlı hərəkatçıları belə məsələlərdən kənarda saxlaya bilmərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR