Həsən Ruhani: “Uranın zənginləşdirilməsi prosesini dayandırmayacağıq” - FOTO

Həsən Ruhani: “Uranın zənginləşdirilməsi prosesini dayandırmayacağıq” - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 09:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani yüz günlük fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb.

APA-nın İran dövlət televiziyasına istinadən məlumatına görə, H.Ruhani bildirib ki, hazırda ölkədə inflyasiyanın yüksəlməsinin qarşısı alınıb: “Hökumət 2014-cü ilin mart ayınadək inflyasiyanı münasib vəziyyətə gətirməyə səy göstərəcək. Cəmiyyətlərarası likvidliyə, həmçinin məsələnin özünün nəzarət altına alınması inflyasiyanın azalmasına mühüm təsir göstərəcək. Bunun nəticəsində son iki ay ərzində inflyasiyanın artmasının qarşısı alınıb. Biz iqtisadi sahədə özümüzə arxalanmaq vəziyyətinə gəlməliyik və xaricdən asılılığımızın səviyyəsini azaltmalıyıq. İranın ali dini lideri də idxalın azaldılmasını istəyir”.

İran prezidenti ölkəsinin xarici siyasət sahəsindəki nailiyyətlərindən də danışıb: “Xarici siyasət həmişə hökumətin prioritetlərini təşkil edir. Dünya səviyyəsində İranofobiya atmosferi yaradıblar. Nəticədə İranla dünya arasında əlaqələr ən minimum həddə çatıb. İranlılar dünyada böyük gücdür. Dünyanın ümumi diplomatiyasında iranlıların rolu olduqca önəmlidir və bunun böyük hissəsini isə iranlı elitalar, həkimlər, alimlər və mühəndislər təşkil edir. Hazırda müxtəlif sahələrdə İranla Rusiya və Çin arasında əlaqələrin güclənməsi üçün müxtəlif planlar hazırlanıb və dünyanın 5 super gücü ilə də konstruktiv əlaqələr yaratmışıq”.

H.Ruhani İranla “altılıq” ölkələri arasında nüvə məsələsində razılığın əldə olunmasına da toxunub: “Bu anlaşmanın icrası ilə bank sistemində nəzərəçarpacaq dəyişiklik baş verə bilər. Üstəlik, yeni sanksiyalar tətbiq edilməyəcək. Bu isə hazırda İranın hər zamandan daha artıq beynəlxalq arenada aktiv iştirak etməsi deməkdir. Biz heç vəchlə uranın zənginləşdirilməsi prosesini dayandırmayacağıq. Çünki bu məsələni İranın “qırmızı xətt”ı hesab edirik. Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) üzv olan hər bir ölkə dincməqsədli nüvə fəaliyyəti haqqına malikdir və uranı zənginləşdirməni də gündəminə gətirməyə qadirdir. Bizim də elektrik enerjisi və nüvə yanacağını təmin etmək üçün uranın zənginləşdirilməsinə tamamilə ehtiyacımız var”.

İran prezidenti sanksiyaların tezliklə aradan qaldırılmasının vacib olduğunu vurğulayıb: “Biz hazırkı şəraitdə beynəlxalq arenada lazımi fürsətlər yaratmalıyıq. Mənim hökumətim dünya ilə qarşılıqlı əlaqələr quracaq. Hökumət addım-addım “altılıq” ölkələri ilə hərtərəfli anlaşmanın əldə edilməsi üçün səy göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR