Türkiyədə "Azərbaycan həftəsi” keçirilir - FOTO

Türkiyədə "Azərbaycan həftəsi” keçirilir - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 12:08 (UTC +04:00)

Bakı - APA. Noyabrın 18-20-də Azərbaycan nümayəndə heyəti "Azərbaycan həftəsi” çərçivəsində silsilə tədbirlər keçirmək üçün Türkiyəyə səfər edib.

APA-nın xəbərinə görə, səfər zamanı Yalova, Ədirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər keçirilib.

Nümayəndə heyəti Yalova şəhərində vali Esengul Civelek, millət vəkili Temel Coşkun, Yalova Universitetinin rektoru professor Niyazi Ereslu, prorektor, professor Ali Rza Abay, həmin universitetin Beynəlxalq Əlaqələr Departamentinin direktoru, professor Kenan Dağçı ilə bir sıra görüşlər keçirib, Yalova Universitetinin və Türkiyə XİN SAM-ın təşkilatçılığı ilə görüşdə məruzələrlə çıxış edib, daha sonra Bursada vali Munir Karaloglu, Bursa Büyükşehir bələdiyyə başqanı Recep Altepe və Uludağ Universitetinin rektoru prof. dr. Kamil Dilek ilə görüşüb, Uludağ Universitetində tələbə və müəllim kollektivini maraqlandıran suallara cavab veriblər.

Görüşlərdə Fərhad Məmmədov "Azərbaycanın xarici siyasəti hara gedir?”, Musa Qasımlı "Azərbaycan-Türkiyə münasibətləri”, Cavid Vəliyev "Regional layihələrə Azərbaycanın baxışı”, Araz Aslanlı "Dağlıq Qarabağ müzakirələrində Azərbaycanın mövqeyi”, Zaur Vəliyev "Azərbaycanın iqtisadi siyasəti regional çərçivədə”, Hatəm Cabbarlı "2015-ci ilə doğru Azərbaycanın mövqeyi” və Vüqar Məsimoğlu "Türkiyə-Azərbaycan əlaqələrinə medianın təsiri” mövzularında çıxışlar ediblər.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova, millət vəkili Musa Qasımlı, Milli Məclis aparatının Analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, "Qafqaz” Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin baş direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov daxildir.

Noyabrın 20-də Ankarada baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş, Türkiyə Xarici İşlər Nazirliyində diplomatlar və XİN SAM ilə dəyirmi masa planlaşdırılır.

"Türkiyədə Azərbaycan həftəsi”nin yekun tədbiri Ankarada Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM) ilə birgə keçirilən "Dəmirdən İpək Yolu: Bakı-Tiflis-Qars dəmiryolu” mövzulu konfrans olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR