Bu il Azərbaycanda sahibkarlara 275 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda sahibkarlara 275 mln. manat güzəştli kredit verilib
# 26 dekabr 2013 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda bu ilin sonuncu tədbiri keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində 21 sahibkarlıq subyektinə 1,4 mln. manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, metal konstruksiya, çörək, un məmulatları istehsalı, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, sahibkarlara müasir corab istehsalı, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2013-cü il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Fondun vəsaitləri hesabına bu il 4 480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilib. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası dövründə SKMF-in vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 686 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 5 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Verilmiş kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür».

Tədbir çərçivəsində həmçinin, Bakıxanov qəsəbəsində güzəştli kredit verilmiş ildə 42 min ton çörək istehsal etmək qabiliyyətinə malik olan zavodun fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR