Nyu-Yorkda İran və Türkiyə xarici işlər nazirləri arasında görüş olub

 Nyu-Yorkda İran və Türkiyə xarici işlər nazirləri arasında görüş olub
# 24 sentyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, xüsusilə Suriyadakı böhran və İraqdakı vəziyyət, həmçinin İranın nüvə proqramı ilə bağlı sentyabrın 26-da aparılacaq danışıqlar əsas müzakirə mövzusu olub. Bundan əlavə, Türkiyə-İran əlaqələrinin vacibliyinə toxunularaq, bölgənin içərisində olduğu kritik dövrdə iki ölkə arasındakı əməkdaşlığın inkişafının sülh və sabitlik səylərinə böyük fayda verəcəyi vurğulanıb.

İran XİN rəhbəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirib. M.Zərif İranla Türkiyə arasındakı ticarət mübadiləsinin həcminin 25 milyard dollara çatdırılmasını istəyib.

Türkiyə XİN rəhbəri isə iranlı həmkarı ilə daha ətraflı müzakirələr aparmaq, həmçinin Suriya başda olmaqla regional mövzularla bağlı daha təsirli əməkdaşlıq imkanlarını qiymətləndirmək üzrə ölkəsinə səfərə dəvət edib.

Daha sonra M.Zərif və Ə.Davudoğlu rəhbərlik etdikləri nümayəndə heyətlərinin birgə yığıncağından sonra East River sahilinə enərək birlikdə xeyli gəziblər və iki ölkə arasındakı əlaqələr və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

İran XİN rəhbəri həmin gün Yaponiya, Oman, Gürcüstan və Bolqarıstan olan həmkarları ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR