Yeni müsabiqə və ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin sayı açıqlanıb

Yeni müsabiqə və ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin sayı açıqlanıb
# 07 oktyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) oktyabrın 4-dən etibarən elan edilən yeni müsabiqə və ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin sayını açıqlayıb. DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) 79 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 539 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edib. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 447-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 85-i isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apelyasiya məhkəməsindədir.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77 yer), Dövlət Statistika Komitəsi (73 yer), Sənaye və Energetika Nazirliyinin (46 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Şəki Apellyasiya Məhkəməsi (11 yer) və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (7 yer) payına düşür.

Qeyd edək ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. Ümumi müsahibədə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR