Azərbaycanın xarici ticarət dövriyyəsi 4% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 4% artıb
# 10 yanvar 2014 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın rezidentləri 148 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə əmtəə ixrac olunub, 140 ölkədən idxal olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

Ötən ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 39,7 mlrd. ABŞ dolları təşkil edib və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4% artıb. Dövriyyənin 30 mlrd. dolları ixracın, 9,7 mlrd. dolları idxalın payına düşüb, nəticədə, 20,3 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4% artaraq 1,6 mlrd. dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 10,1 dollar artaraq 172,9 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR