AMEA “Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” adlı layihəni davam etdirir

AMEA “Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” adlı layihəni davam etdirir
# 06 fevral 2014 08:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvafiq preparatların biotexnologiyasının işlənib hazırlanmasını nəzərdə tutan elmi tədqiqatlar davam etdirilir.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işlər Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” adlı layihə çərçivəsində həyata keçirilir. Bu ilin oktyabr ayında yekunlaşacaq iki illik layihənin rəhbəri İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevdir.

Onun sözlərinə görə, layihənin məqsədinə uyğun olaraq neft və ağır metallarla çirklənmiş torpaq nümunələri Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən götürülüb: “Tədqiqatın ilkin mərhələsində çirklənmiş ərazilərdən torpaq nümunələri götürülərək, onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilib. Neft və ağır metallarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı həmin ərazilərdə məskunlaşmış səmərəli bitki növlərinin – metal akkumulyatorlarının, həm də bu torpaq-iqlim şəraiti üçün səciyyəvi olan aktiv mikroorqanizm - destruktorların axtarışı aparılıb. Bütün nümunələrdə neftin miqdarı (3,85%, 6,6%, 7,2%, 12,2%), bəzi ağır metalların miqdarı (Buzovna-Maştağa (Ba-76%; Cd-0,53%; Cu-7,8%); Qala (Ba-120%; Cd-0,2%; Cu-12,2%), fiziki-kimyəvi (nəmlik, pH) və mikrobioloji göstəricilər müəyyən olunub”.

V.Fərzəliyev vurğulayıb ki, tədqiqatların nəticəsindən görünür ki, xam (ilkin) neftdən fərqli olaraq neft çirklənmələrinin ekstraktları yüngül fraksiyalara malik deyil və daha yüksək sıxlıqla xarakterizə olunur: “İqlim-ekologiya amillərinin təsiri nəticəsində neftin fraksiya tərkibində dəyişikliklər baş verir. İlkin neftlə müqayisədə ekstraktların sıxlığının artması, çox güman ki, onların tərkibində olan yüngül karbohidrogenlərin azalması və qətran maddələrinin artması hesabına baş verir”.

Akademik qeyd edib ki, laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün mikroorqanizm və bitkidən ibarət rasional kompleks təklif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR