Mingəçevirdə DSMF-nin şəhər şöbəsinin inzibati binası açılıb

Mingəçevirdə DSMF-nin şəhər şöbəsinin inzibati binası açılıb
# 27 avqust 2013 08:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mingəçevir şəhər şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Fondun sədri Səlim Müslümov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Fondun sədri S.Müslümov son illər DSMF-nin maddi-texniki bazasının tamamilə yenidən qurulduğunu, 74-dən yuxarı yerli şöbəsində yeni ofis binalarının tikildiyini və əsaslı təmir edildiyini, müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerlərinin yaradıldığını, «incə müştəri» sistemli 2 200 kompüteri əlaqələndirən yerli lokal şəbəkələr mərkəzinin informasiya sisteminə birləşdirilərək korporativ şəbəkənin formalaşdırıldığını bildirib.

Yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə, sığorta-pensiya sistemində vətəndaş-məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə gətirib çıxarıb. Fondun sədri məlumat verib ki, iyulun 11-dən Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb: «Ötən iki aya yaxın vaxt ərzində 200-dən artıq vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub və onların arasında Mingəçevir şəhərində yaşayan insanlar da var».

DSMF-nin Mingəçevir şəhər şöbəsinin indiyə qədər fəaliyyət göstərdiyi binada şəraitin ürək açan səviyyədə olmadığını qeyd edən S.Müslümov müasir standartlar əsasında inşa edilmiş yeni inzibati binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını bildirib. Fondun sədri şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi, bütün çalışanların sosial sığortaya cəlb olunmasının təmin edilməsi istiqamətində tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR