Prezident İlham Əliyev Qubada BDU-nun tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Qubada BDU-nun tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib
# 18 sentyabr 2013 16:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verib ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi 1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Tikinti işləri universitetin daxili imkanları hesabına aparılıb.

Dövlət başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılıb. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Müxtəlif müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün burada konfrans zalları təşkil olunub. Böyük akt zalında istənilən tədbirin keçirilməsi üçün hər cür şərait var. Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də istifadə edə biləcək. İdman zalları müasir avadanlıqla təchiz olunub. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri də kitabxanadır. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, tədris-təcrübə və istirahət mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunub. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR