Azərbaycan və Ermənistan qadınları ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazıblar

Azərbaycan və Ermənistan qadınları ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazıblar
# 05 dekabr 2013 12:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İstanbulda Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzinin təşkilatçılığı ilə 1-5 dekabr tarixlərində Azərbaycan və Ermənistandan olan qadınlar arasında keçirilən görüş başa çatıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu APA-ya açıqlamasında bildirib ki, görüşün yekunu olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və Avropa Birliyinə təqdim edilmək üçün məktub hazırlanıb.

Məktubda Minsk Qrupunun həmsədrlərinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara Azərbaycan və Ermənistan qadınlarını da cəlb etmək təklif olunub: “Çünki müharibənin faciələrindən ən çox qadınlar və uşaqlar əziyyət çəkir. Ona görə də qadınların danışıqlarda rolunun artırılmasını təklif etmişik. Biz Minsk Qrupunun həmsədrlərindən birinin də qadın olmasını istəyirik, ancaq bu istək məktubda yer almayıb”.

Qeyd edək ki, məktub gələn ilin yanvar ayında Vyanada keçiriləcək görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq.

İstanbulda keçirilən görüşdə Azərbaycandan Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR