İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri başa çatıb

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri başa çatıb
# 13 dekabr 2013 07:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələri başa çatıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran nümayəndə heyəti dördgünlük danışıqlardan sonra dekabrın 12-də axşam saatlarında müzakirələri dayandıraraq məsləhətləşmələr üçün Tehrana qayıdıblar. Danışıqların nəticələri ilə bağlı heç bir rəsmi məlumat verilməyib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri dekabrın 9-da axşam saatlarında AEBA-nın mənzil-qərargahında başlayıb. Danışıqlarda agentliyin mütəxəssisləri də müşahidəçi qismində iştirak edirlər. Müzakirələrdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olub. Danışıqlarda Tehranı İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejadın rəhbərliyi altındakı nümayəndə heyəti təmsil edib. Onların arasında İran Mərkəzi Bankının və Neft Nazirliyinin nümayəndələri də olub və məqsəd bu ölkənin bank və neft sektoruna qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün müzakirələr aparmaq mahiyyəti daşıyıb. “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR