YAP Gənclər Birliyi Gənclər gününü qeyd edib - FOTOSESSİYA - VİDEO

YAP Gənclər Birliyi Gənclər gününü qeyd edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 fevral 2014 09:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 2 Fevral - Gənclər günü münasibətilə konfrans keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gənclərinin uğurlarından danışıb.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, Heydər Əliyevin ideyalarına əsaslanan gənclər siyasəti gənclərin bu günün və gələcəyin layiqli vətəndaşları kimi yetişməsinə yönəlib.

Ə. Əhmədov prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gənclərin inkişafı üçün əlavə imkanlar yaratdığını söyləyib: “Azərbaycanda azərbaycançılıq ideyalarına yiyələnən layiqli gənclik yetişib və bu gənclərin əhəmiyyətli bir qismi Yeni Azərbaycan Partiyasında toplaşıblar. Əsas məqsəd gənclərin layiqli vətəndaş və vətənpərvər kimi yetişdirilməsidir. Gənclər müasir dünyanın inkişaf tendensiyalarını dərk etməli, gələcəyə dair aydın baxışları formalaşmalıdır. Bu istiqamətdə Azərbaycanın dövlətinin artan imkanlarından istifadə edilir. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatlar da buna yönəlib. Gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsili də prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə önəmli yer tutur. Bu gənclərin qazandığı bilik və bacarıqlar Azərbaycanın gələcəkdə inkişafına mühüm təkan verəcək. Dünya dəyişir, Azərbaycan dəyişir, dəyərlər dəyişir, biz Azərbaycanın dəyərlərində də müsbət təsirləri görməkdəyik. Gənclər eyni zamanda beynəlxalq ümumi dəyərləri mənimsəməklə, Azərbaycan dəyərlərinə sədaqəti də heç zaman unutmamalıdırlar ”.

Ə. Əhmədov gəncləri dövlət quruculuğunda fəal iştirak etməyə çağırıb.

Milli Məclisin sədr müavini Bahar Muradova YAP-ın yaradıldığı dövrdə partiya quruculuğunda iştirak edən gənclərin sabaha böyük inamları olduğunu dilə gətirib: “Dünən məsuliyyət bizim üzərimizə düşürdüsə, bu gün siz gənclərin üzərinə düşür. 10-15 ildən sonra Azərbaycanın gələcəyi ilə bağlı siz qərar verəcəksiniz. Bu gün internetdən və digər informasiya kommunikasiya texnologiyalarından istifadə edir, hər cür məlumat və biliyə yiyələnirsiniz. Biz Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil dövlət qurucularının varisləriyik. YAP gəncləri Azərbaycan gəncliyinin aparıcı qüvvəsidir. Çox arzu edərdim ki, Azərbaycan gəncliyinin hamısı enerjisini Azərbaycanda dövlət quruculuğuna yönəltsin”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bir neçə ay sonra Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illiyinin qeyd olunacağını xatırladıb: “Heydər Əliyev Azərbaycanın bu gününü görürdü. Dəyərlərinə sahib çıxan, fiziki cəhətdən sağlam gənclik gələcək Azərbaycanın məsuliyyətini öz üzərinə götürəcək. Son 10 ildə Azərbaycanda gənclər sahəsinə investisiya 100 dəfə artırılıb, heç bir sahədə belə artım yoxdur”.

Sonda YAP Gənclər Birliyi ilə 2013-cü ildə fəal əməkdaşlıq edən media orqanlarının əməkdaşları və Gənclər Birliyinin fəaliyyətində aktiv iştirak edən gənclər mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR