Azərbaycanın İT İnkişafı Fondu gələn il layihələrin qəbuluna başlayacaq

Azərbaycanın İT İnkişafı Fondu gələn il layihələrin qəbuluna başlayacaq
# 05 dekabr 2013 14:16 (UTC +04:00)

Bundan sonra, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının keçirdiyi müsabiqə əsasında Fonda işçilər qəbul olunacaq. Bunu «APA-Economics»ə açıqlamasında İTİDF-in icraçı direktoru Elçin Zeynalov bildirib.

Onun sözlərinə görə, Fond fəaliyyətini təşkil etmək üçün demək olar ki, bütün işlərini yekunlaşdırıb: «Dövlət büdcəsində Fond üçün nəzərdə tutulan vəsait 2014-cü ildə hesaba oturacaq. İlkin mərhələdə 5 mln. manat ayrılacaq».

E.Zeynalov əlavə edib ki, qurumun sonuncu iclasında layihələrin maliyyələşdirilməsində iştirak edəcək müvəkkil banklar da seçilib. Bu, «Rabitəbank», «Bank Respublika», «Dəmirbank» və «Paşa Bank» ASC-dir. Lakin müvəkkil bankların sayı 10-a qədər artırıla bilər.

Fondun icraçı direktoru azərbaycanlı sahibkarlara müraciət edərək, gələn il təqdim edəcək layihələrini artıq hazırlamağa başlamağı tövsiyə edib.

Qeyd edək ki, Fond investisiya fəaliyyəti ilə məşğul olacaq. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən 10-50 min manat kiçik həcmli (3 ilə qədər), 50-500 min manat orta həcmli (5 ilədək) və 0,5-5 mln. manat (böyük həcmli) güzəştli kreditlər (10 ilədək) veriləcək.

Layihələr üzrə qrantlar isə kiçik, orta və böyük həcmli olmaqla, 36 ay müddətinədək ayrılacaq. Qrantın məbləği 10-300 min manat ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR