Əli Hüseynli: “Azərbaycanda 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilib”

Əli Hüseynli: “Azərbaycanda 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilib”
# 16 dekabr 2013 10:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda Seçki Məcəlləsinin qəbul edildiyi 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən beynəlxalq seminarda deyib. O bildirib ki, bu müddət ərzində Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik edilib, 30 maddə məcəllədən çıxarılıb, 20-yə yaxın maddə isə əlavə olunub: “Seçki Məcəlləsinə edilən dəyişikliklər Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı olub”.

Komitə sədri əlavə edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyənləşdirib. O, xatırladıb ki, 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Ə. Hüseynli Azərbaycanda seçki qanunvericiliyinin tətbiqi barədə məlumat verərək professional seçki idarəetmə strukturu yaradıldığını söyləyib: “Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdə şəffaflıq “exit-poll”arın keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə özünü göstərir. Şəffaflığı təmin edən sadaladığım elementlərin hamısı Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR