“Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda III respublika konfransı keçirilib

“Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda III respublika konfransı keçirilib
# 04 mart 2014 08:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf" mövzusunda lll respublika konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Akademiyanın prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Mobil Məcidov bu sahədə ölkədə həyata keçirilən tədbirlərdən, qəbul edilmiş qanunlar və orada edilmiş əlavə və dəyişikliklərdən danışıb: “Gender siyasətinin əsasları” fənninin tədrisinə başlanması birinci konfransın, Akademiyada “Gender Tədqiqatları Mərkəzi”nin yaradılmasını isə ikinci konfransın məntiqi yekunlarındandır. Bu konfransın da məhsuldar olacağına ümid edirəm".

Tanınmış Azərbaycan qadınları haqqında filmin nümayişindən sonra BDU-nun dosenti, biologiya üzrə fəlsəfə doktoru Azər Cəfərov Azərbaycan tarixində xüsusi çəkisi ilə fərqlənən qadınlardan Tahirə Zərintac haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, informasiya və analitik araşdırma mərkəzinin məsləhətçisi Aynur Veysəlova müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlər, BDU-nun «Gender və tətbiqi psixologiya» kafedrasının müdiri, psixologiya üzrə f. d. Rəna İbrahimbəyova sülh və təhlükəsizlik sahəsində gender problemlərinin təzahürü və onların qarşısının alınmasında BMT tərəfindən irəli sürülən qərar və tövsiyələrin həyata keçirilməsinin əhəmiyyəti, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə ü.e.d. Rəfiqə Əzimova Azərbaycan qadının sosial fəallığında onun daxili potensialının rolu, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) gender bərabərliyi və qadın hüquqları üzrə müşaviri Səbinə Qəhrəmanova qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatının vəzifələri mövzusunda çıxış ediblər.

Konfransda Akademiyanın tələbələri arasında “Azərbaycan qadınları ” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri də mükafatlandırılıb.

Konfransın sonunda irəli sürülən təklifləri ümumiləşdirərək məcmuə şəklində nəşr olunacağı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR