Ali məktəblərə qəbul imtahanlarında 5 mindən çox abituriyent 500-dən yuxarı bal toplayıb

 Ali məktəblərə qəbul imtahanlarında 5 mindən çox abituriyent 500-dən yuxarı bal toplayıb
# 28 yanvar 2014 09:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. Onlardan 42.98%-i 0-100, 21.99%-i 100-200, 13.84%-i 200-300, 15.65%-i 300-500, 5.55%-i isə 500-700 bal toplayıb”.

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 5364 abituriyent 500-dən yuxarı bal toplayıb. TQDK sədri qeyd edib ki, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 4.22 faizini təşkil edir: “İmtahanlarda 600-dən yuxarı bal toplayan abituriyent 1617 nəfər olub”. Yüksək ballılar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var və onlar respublikanın 74 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Bakı və Mingəçevir şəhərlərinin, İsmayıllı, Qəbələ, Neftçala və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 7-9-u imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. Onlardan ən yüksək nəticə göstərən 102 nəfəri Prezident təqaüdünə layiq görülüb. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə 22.89%-i (369 nəfəri) I qrupun, 18.67%-i (301 nəfəri) II qrupun, 33.56%-i (541 nəfəri) III qrupun, 24.88%-i (401 nəfəri) IV qrupun abituriyentləridir. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərib. Yüksək nəticəli gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri “Qafqaz” Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına, 23 nəfəri Naxçıvan Dövlət Universitetinə, 10 nəfəri Gəncə Dövlət Universitetinə, 6 nəfəri Xəzər Universitetinə, 4 nəfəri Bakı Slavyan Universitetinə, 4 nəfəri Azərbaycan Turizm İnstitutuna, 3 nəfəri “Azərbaycan” Universitetinə, 2 nəfəri Azərbaycan Müəllimlər İnstitutuna, 2 nəfəri Lənkəran Dövlət Universitetinə, 2 nəfəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, 1 nəfəri Milli Aviasiya Akademiyasına, 1 nəfəri Azərbaycan Texniki Universitetinə, 51 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olub”.

Komissiya sədri vurğulayıb ki, III ixtisas qrupu üzrə ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” ixtisasına olub və bu ixtisas üzrə keçid balı 672-yə bərabərdir. Ən aşağı keçid bal isə 150 olub.

M. Abbaszadə qeyd edib ki, türk liseyləri, Təhsil Nazirliyinin tabeli və özəl liseylər istisna olmaqla, Azərbaycan bölməsində Salyan rayonu, rus bölməsində isə Mingəçevir şəhəri ən yüksək nəticə göstərib. Onun fikrincə, 2013-cü il ən yüksək nəticəni Azərbaycan bölməsində Salyan rayonu, rus bölməsində isə Mingəçevir şəhərinin abituriyentləri əldə ediblər: “Bəzi şəhər və rayonların çoxunun məktəb məzunları qəbul imtahanlarında stabil olaraq yüksək nəticələr göstərirlər. Əlbəttə, bunda həmin şəhərlərdə və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu vardır. Ümumiyyətlə, gənclərimizdə oxumaq, öyrənmək həvəsi və potensialı olduqca yüksəkdir. Bunun reallaşdırılması isə birinci növbədə təhsil işçilərindən asılıdır. Burada təhsil işinin düzgün qurulması, müəllimlərin işə vicdanlı münasibəti, günün tələblərinə uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması və vaxtlı-vaxtında şagirdlərə çatdırılması mühüm amillərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR