“Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi” mövzusunda konfrans keçirilib

“Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi” mövzusunda konfrans keçirilib
# 28 sentyabr 2013 13:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95-ci il dönümü münasibəti ilə “Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 95 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçib.

Qeyd olunub ki, mərhum prezident Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. X. Vəliyev ölkə rəhbərliyi tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərildiyini, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görüldüyünü vurğulayıb.

Digər hüquq-mühafizə orqanları kimi hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqların etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələrin əldə edildiyini diqqətə çatdıran X. Vəliyev bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR