Bu il Azərbaycanda 3 166 sahibkara 229,7 mln. manat güzəştli kreditlər verilib

Bu il Azərbaycanda 3 166 sahibkara 229,7 mln. manat güzəştli kreditlər verilib
# 13 sentyabr 2013 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Kürdəmir rayonunun Atakişili kəndində keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 120-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 47 sahibkara 592,1 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının, kiçik və orta həcmli bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 3166 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,7 mln. manat güzəştli kredit verildiyini bildirib, bu layihələrin reallaşmasının 9350-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib: “Ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 303 mln. manat güzəştli kreditlər verilib, bu kreditlər hesabına 27 mindən çox yeni iş yerləri açılıb”.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Kürdəmir rayonunun Atakişili kəndində cins iribuynuzlu heyvandarlıq kompleksinin və süd emalı zavodunun fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR