“Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOSESSİYA

“Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyun 2014 09:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda biliyə əsaslanan milli inkişaf və dövlət qulluğu sistemin idarə edilməsinin elmi əsasları barədə danışıb. Onun sözlərinə görə, prezident tərəfindən təsdiq edilən Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşması məqsədilə göndərilir və bu da dövlət quruculuğu, kadr siyasətinin tərkib hissəsidir.


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət başçısı tərəfindən dövlət qulluğu sahəsinə həmişə böyük diqqət yetirildiyini vurğulayıb. Dövlət qulluğu sahəsində aktual problemləri açıqlayan B.Xəlilov qeyd edib ki, bu sahədə əsas hədəf şəffaflığın təmin edilməsidir.

Komissiya sədri qeyd edib ki, problemlərdən biri dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsidir: “Yalnız bu il dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar təsdiq olunub. Qiymətləndirmə kadrların potensialının öyrənilməsi, karyera yüksəlişinin təşkil edilməsi və digər məsələlərdə əlavə imkanlar yaradacaq. Düşünürük ki, gələcəkdə dövlət qulluqçularının əmək haqları qiymətləndirmənin nəticələri ilə bağlı olacaq. Bununla biz dövlət qulluqçuları arasında motivasiyanın yaranmasına, vəzifədə yüksəliş üçün öz üzərilərində çalışmağa şərait yaradır”.

Digər problemin kadrların idarə edilməsi ilə bağlı olduğunu deyən B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluqçularının reyestri verilənlər bazası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, gələcəkdə verilənlər bazasını kadrların idarə edilməsi bazasına çevrilməsi qarşıda məqsəd kimi durur: “Bu bizə kadrlarla bağlı vəziyyətə dair zəruri hesabatları vaxtında öyrənməyə, dövlət qulluğu ilə əlaqədar neqativ halların aradan qaldırılmasına imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR