Tərtərdə məcburi köçkün ailəsi ilə yerli sakinlər arasında insident olub

Tərtərdə məcburi köçkün ailəsi ilə yerli sakinlər arasında insident olub
# 14 yanvar 2014 10:08 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu – APA. Tərtər rayonunun Qarağacı kəndi ərazisində iki ailə arasında yaranan mübahisə bir neçə nəfərin xəsarət almasına səbəb olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, insidentə məcburi köçkün ailəsinə məxsus mal-qaranın yerli sakinlərə aid əkin və otlaq sahəsinə girməsi səbəb olub.

Tərtər Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, rayonun Qarağacı kəndi ərazisində məskunlaşan Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkün ailəsi ilə kənd sakinləri arasında mübahisə yaranıb. Əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində Qarağacı kənd sakinləri Xəqani, Fariz və Xaliq Quliyev qardaşları müxtəlif bədən xəsarətləri alıb.

Tərtər RPŞ-dən o da bildirilib ki, hər iki tərəfdən yüngül xəsarət alanlar var. RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Məhərrəm Hüseynov APA-ya açıqlamasında mübahisəyə hər iki tərəfin ağsaqqalları və ziyalılarının müdaxilə etdiklərini bildirib: “Orda kütləvi dava olmayıb. Sadəcə, adamlar çox olub, insident iştirakçıları yox”.

Rəis müavini onu da deyib ki, hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR