QHT qanunvericiliyinə əlavə və dəyişikliklər müzakirə edilib - VİDEO

QHT qanunvericiliyinə əlavə və dəyişikliklər müzakirə edilib - <span style="color: red;">VİDEO
# 31 yanvar 2014 11:57 (UTC +04:00)

Bakı. Ramz Mikayıloğlu - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Milli Məclisin payız sessiyasında qəbul edilmiş və imzalanmaq üçün Azərbaycan prezidentinə təqdim edilmiş QHT qanunvericiliyinə əlavə və dəyişikliklərlə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin və QHT-lərin nümayəndələri iştirak ediblər.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüeynli bildirib ki, əlavə və dəyişikliklərdə məqsəd QHT rəhbəri və üzvləri arasında hüquqi münasibətləri tənzimləmək, eyni zamanda xarici QHT-lərin filial və bölmələri ilə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq olub: “Ancaq bu əlavə və dəyişikliklərə belə mənfi münasibət olacağını gözləmirdik. Bu müzakirələr Hüquq siyasəti və dövlət quruculuğunun bir daha əsaslandırmasını ortaya qoymaq baxımından bizim üçün mühümdür”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu narahatlıq doğuran əsas məqamın QHT-lərin fəaliyyətinin müəyyən müddət və birdəfəlik dayandırılması ilə bağlı olduğunu söyləyib: “Narahatlıq doğuran digər məqamlar cərimə sanksiyalarının həddən atıq yüksək olması və reyestr çıxarışının etibarlılıq müddətinin 90 günə endirilməsi ilə əlaqədardır. Çünki hər 90 gündən bir reyestr çıxarışı üçün müraciət etmək lazım gəlir. Ona görə də reyestr çıxarışı ilə bağlı prosesin elektronlaşması yaxşı olardı”.

Q. İbadoğlu QHT-lərə ayrılan qrantların qeydiyyatdan keçdiyi halda əlavə maliyyə monitorinqinin anlaşılmaz olduğunu vurğulayıb: “QHT-nin bir üzvü məhkəməyə müraciət etsə, məhkəməyə həmin QHT-nin fəaliyyətini 1 il dayandırmaq hüququ verilib. Həm də başa düşə bilmirəm ki, xarici QHT filialının nümayəndəsi nə üçün Azərbaycanda daimi yaşamalıdır, bu tələb nədən qaynaqlanır?”

Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənli Ədliyyə Nazirliyinin bir xəbərdarlığından və cəriməsindən sonra QHT-nin fəaliyyətinin dayandırılması, fəaliyyəti 1 illiyə dayandırılmış QHT-nin fəaliyyətinin yalnız Ədliyyə Nazirliyinin müraciətindən sonra bərpa edilməsi ilə bağlı müddəaların narazılıq doğurduğunu vurğulayıb. H. Həsənli qrant haqqında qanunun QHT rəhbərinin fiziki şəxs kimi xarici donorlardan qrant almasına icazə verdiyini, acaq QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərdən sonra bunun mümkünsüz olduğunu qeyd edib: “Tutaq ki, mənim evim var, bu evə bir dəfə reyestr verilir, müddətsiz olur. Yalnız ev satılanda, hər hansı dəyişiklik olanda reyestr dəyişdirilir. Bəs niyə son əlavə və dəyişikliklər nəticəsində QHT-nin reyestr müddəti 90 gün müəyyənləşdirilib. Yüksək cərimələri QHT necə ödəyəcək?”

Tədbir müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR