Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Almaniya səfiri ilə görüşüb

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Almaniya səfiri ilə görüşüb
# 10 yanvar 2014 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Haydrun Tempel ilə görüşüb.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən ASK prezidenti bu təşkilatın fəaliyyətindən, həmçinin üzərinə düşən məsuliyyətdən söhbət açıb. O bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür, Konfederasiya sahibkarların hüquqlarını müdafiə edən təşkilatdır.

Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrə toxunan M.Musayev ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açıb. O bildirib ki, Azərbaycanla Almaniya uzun illər fəal əməkdaşlıq edir, hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin gücləndirilməsi vacib məsələlərdən biridir. Təşkilat rəhbəri ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən alman mənşəli iş adamlarına ASK tərəfdən hər zaman lazımı köməklik göstəriləcəyinə söz verib: «Almaniya şirkətləri real layihələrlə müraciət edərsə, yerli bazarda onlar da rəqabətə davam gətirə bilərlər».

Son illər Almaniya şirkətlərinin Azərbaycanda fəallığının azaldığını təəssüflə qeyd edən M.Musayev onları fəal əməkdaşlığa dəvət edib. M.Musayev yaxın günlərdə Almaniyada keçiriləcək «Yaşıl həftə» sərgisində Azərbaycan nümayəndə heyəti ilə birgə iştirak edəcəyini də diqqətə çatdırıb. O deyib ki, gələcəkdə Bakı-Berlin aviareysinin açılması iş adamları üçün sərfəli olar.

Almaniyanın Azərbaycandakı səfiri H.Tempel iki ölkə arasında körpü yaratmaq niyyətində olduğunu qeyd edib. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dilə gətirib.

Görüşdə qeyri-neft sektorunda, həmçinin digər sahələrdə sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə peşə təhsili sahəsində birgə iş görmək imkanı olduğu da istisna edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR